Allahdan möhlət alan insanlar var

Qocalar, yaşlı adamların Qarabağa avtobus turlarını təşkil etmək olar

Qulu Ağsəs Aqil Abbasın fikirlərini ikiəlli dəstəklədi

Yaşlılara, qocalara da imkan yaratmaq lazımdır ki, öz evlərini – evlərinin xarabalıqlarını diri gözlü görsünlər


"Bizim əsgərlər Səmayə nənəni Ağdama aparmaqla Ağdamı almaq qədər böyük savab iş gördülər. Eləcə də bütün ahıl, yaşlı insanlara bu imkan yaradılmalıdır. Səfərlər təşkil olunsun və qalib əsgərimiz müşayiət etsin insanları, ahıllarla birgə getsinlər"
“Şərq TV”nin qonağı olan millət vəkili Aqil Abbas maraqlı təkliflə çıxış edib. İşğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işlərindən danışan millət vəkili belə bir təklif irəli sürüb ki, 28 il əvvəl doğma yurd yerlərindən didərgin düşmüş insanlara həmin yurd yerlərini gedib ziyarət etmək imkanı yaradılmalıdır. Xüsusən də ahıl, yaşlı insanlara. Bu insanlar 28-30 ildir doğma torpaq həsrətiylə yaşayır. Bir çoxu bu həsrətlə dünyadan köçüb. Hazırda həyatda olanlara və gözünü Qarabağ yollarına dikmiş ahıl, yaşlı insanlara öz evlərini, ocaqlarını ziyarət imkan yaradılsın. Bunu xüsusi turlar vasitəsilə həyata keçirmək olar. 

Məlumdur ki, işğaldan azad edilmiş ərazilərə indiyədək bir çox səfərlər təşkil edilib. Həm yerli, həm də xarici media orqanlarının rəhbərləri, əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, diplomatik korpusların nümayəndələri, eləcə də xarici ölkələrdən gələn qonaqlar işğaldan azad edilmiş ərazilərdə səfərdə olublar. 28 il əvvəl doğma ocaqlarını tərk edib ölkənin müxtəlif bölgələrində məskunlaşmaq məcburiyyətində qalanlar da doğma yurdlarını ziyarət etmək istəyir və bu, onların doğal haqqıdır. Təbii ki, mina təhlükəsi də gözardı edilməməlidir. Lakin hansısa formada bu insanlara da ziyarət imkanı yaradıla bilərmi? 

Mövzu ilə bağlı “Şərq”lə fikirlərini bölüşən “Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, əslən Qarabağın Abdal-Gülablı kəndindən olan şair, publisist Qulu Ağsəs Aqil Abbasın təklifini ikiəlli dəstəklədiyini bildirib: 

- Əvvəla onu deyim ki, çox gözəl mübahisələr, dartışmalar, müzakirələr gedir. Bu, çox xoşdur. İnsanlarımız Qarabağa getməyin üstündə “dalaşırlar”. Hamı oranı görmək istəyir. Amma. Bir əmma var. Jurnalistlərin, media nümayəndələrinin, diplomatların gedişi təxirəsalınmaz səfərlərdir. İstər yerli olsun, istər xarici media, onların səfəri son dərəcə vacibdir.

Gördüklərini dünyaya çatdırırlar, həqiqətləri yayırlar. Şuşada keçirilən “Xarıbülbül” festivalı da 2 ölkə - Azərbaycanla Ermənistan arasındakı fərqi ortaya qoymaq üçün gözəl bir imkan yaratdı. Dünya, əgər gözlərini yummamışdılarsa, əlbəttə, gördü ki, biri dağıdıcı, fəlakət gətirən, digəri isə qurucu, mədəniyyət, inkişaf gətirən ölkədir.

Qaldı ki, Aqil müəllimin təklifinə, mən bu təkliflə ikiəlli razıyam. Yurd yerlərimiz yenidən qurulmamış yerli əhaliyə imkan yaratmaq lazımdır ki, öz evlərini – evlərinin xarabalıqlarını diri gözlü görsünlər. İndiyədək köçkünlər bilirsiz, hansı çətinliklərə, hansı xəstəliklərə sinə gəriblər, təki torpaqların işğaldan azad edildiyini görsünlər?! Xərçənglə savaşıblar, ürəklə savaşıblar... 100 cür xəstəlikdən özlərini qoruyub, doğma yurda saxlayıblar. Bu ümidlə yaşayan minlərlə adam var ki, gedib ev-eşiyini görəcək. Lap dağılmış, uçurulmuş, ot basmış olsun, fərq etmir. İnsanlar var, o torpaqda balasını dəfn edib gəlib, balasının hansısa əzaları basdırılıb. Şəhid balası uyuyur o torpaqda. Şəhidlərin valideynləri, övladları, həyat yoldaşları onları ziyarət etmək istəyir. Torpaq ilk növbədə onların haqqıdır. 1988-dən bəri şəhid olanların ailələri, övladları getməlidir ora. Salatın Əsgərovanın oğlu anasının şəhid edildiyi torpağı niyə gedib görməməlidir?! Mən də bu təkliflə razıyam ki, turlar təşkil olunsun. İlk növbədə şəhid ailələrinə, qazilərə, onların ailə üzvlərinə şərait yaradılsın, gedib o torpaqları ziyarət etsinlər. O cümlədən də ixtiyar insanlar. Qocalar, ahıllar. Bu, onlar üçün böyük təsəlli olar. Allahdan möhlət alan insanlar var! Onları doğma torpağı, ocaqlarını ziyarət haqqından məhrum etmək olmaz. Mənim anam sağ olsaydı, mütləq bir yol tapıb onu Ağdama aparacaqdım... Anam 2013-cü ilə qədər, gözünə yuxu gedəndə Ağdamı görürdü, səhər qalxanda dua edirdi. Aparmaq lazımdı ahılları, yaşlı insanları o torpaqlara. Qoy ayaqları doğma torpağa dəysin. Ağdamlı Səmayə nənəni Azərbaycan əsgəri Ağdama apardı, Ağdam Cümə məscidini ziyarət etdi, məscidin divarlarına üzünü sürtdü.

Bundan böyük xoşbəxtlik olarmı?! Bizim əsgərlər Səmayə nənəni Ağdama aparmaqla Ağdamı almaq qədər böyük savab iş gördülər. Eləcə də bütün ahıl, yaşlı insanlara bu imkan yaradılmalıdır. Səfərlər təşkil olunsun və qalib əsgərimiz müşayiət etsin insanları, ahıllarla birgə getsinlər. Əlbəttə, təhlükə mütləq nəzərə alınmalıdır.

Bilirik ki, mənfur qonşularımız hər addımda mina basdırıb. Hər sakinə bir mina “hədiyyə” qoyublar. Xüsusilə də qəbiristanlıqlarda. Bilirlər ki, Azərbaycan xalqı ölüsünə hörmət qoyandı, dədə-nənəsini ziyarət etmək istəyəcək. Ona görə qəbiristanlıqları da minalayıblar. Ona görə də ziyarətə gedənlər icazə verilməyən ərazilərə keçməsinlər. 

Q.Ağsəs Ağdamda həyata keçiriləcək yenidənqurma işləri barədə də fikrini bildirib: 

- Tikintilərə başlanır. Mən bunu, bəziləri kimi faciə ilə qarşılamıram. Ağdam 28 il əvvəl işğal olunmasaydı, bu gün orda da Bakıda olduğu kimi müasir tikililər, mehmanxanalar, istirahət zonaları, hündürmərtəbəli binalar olacaqdı. Necə ki, ölkəmizin işğal görməmiş başqa zonalarında bunlar var. Çağdaş insana nə verməliyik? İşıq, qaz, su, kanalizasiya xətləri, telefon, internet... İndi internetsiz bir bölgə təsəvvür edə bilirsiniz? Telefonsuz insan təsəvvür edə bilirsiniz? Bütün bu kommunikasiyaların yaradılması üçün də ağıllı layihələr olmalıdır. Olacaq da, inşəllah. Ağdam yenə ən inkişaf etmiş, ən baxımlı, iqtisadi güclü şəhər olacaq.