Şuşada tikiləcək məktəbdə Türkiyədən gələn müəllimlər də dərs deyəcək

"Bu məktəbin məzunları üçün də daha geniş imkan yaradılacaq"

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Azərbaycana səfərə gələcəyi, iyunun 16-da isə müqəddəs və qalib Şuşanı ziyarət edəcəyi gözlənilir. Qardaş ölkənin dövlət başçısının bu səfəri zamanı həmçinin Şuşada Türkiyənin dəstəyi ilə inşa ediləcək məktəb binasının təməlinin qoyulacağı da bildirilir.

Bu haqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Milli təhsil naziri Ziya Selçuku bir neçə gün öncə qəbul edərkən danışıb. Dövlət başçısı bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilən bir hədiyyə kimi, məktəbin təməlqoyma mərasiminin keçirilməsi proqramda əksini tapıb.

Z.Selçuk isə “Report”a eksklüziv müsahibəsində deyib ki, Şuşada inşa ediləcək məktəbdə nəyə ehtiyac olarsa, hamısı Türkiyə dövləti tərəfindən qarşılanacaq.

Nazirin sözlərinə görə, bəzi dərslərin Türkiyədən gələn və ya Türkiyədə təhsil almış müəllimlər tərəfindən keçirilməsi nəzərdə tutulur: “Bəzi dərslərin isə azərbaycanlı müəllimlər tərəfindən tədris olunması planlaşdırılır. Birlikdə bəzi layihələr həyata keçirmək və ortaq dərs keçmək arzusu da var”.

Məsələ ilə bağlı “Şərq”ə açıqlama verən təhsil eksperti Elşən Ramizoğlu qeyd edib ki, Şuşamızda belə bir məktəbin fəaliyyət göstərməsi ilk növbədə təhsil sahəsində də beynəlxaq əməkdaşlıqların daha uğurlu olmasına töhfə verəcək:

- Ümumiyyətlə, “Təhsil haqqında” qanuna görə təhsil müəssisəsinin təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin müəllim heyətinin tərkibində Azərbaycan Respublikasının vətəndaşları sayca üstünlük təşkil etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə, say nisbəti dəyişdirilə bilər. Yəni burda Türkiyədən gələn müəllimlər də dərs deyə bilər, ancaq kadr potensialı problem olmazsa, Azərbaycan vətəndaşları sayca üstünlük təşkil etməlidir. Əlbəttə, bu məktəb təbii ki, qardaş ölkə ilə əlaqələrin daha da dərinləşməsinə töhfə verəcək. Türkiyə təhsil sistemi ilə bizim təhsil sistemində fərqli məqamlar çoxdur. Türkiyədə ibtidai təhsil icbaridir və dövlət məktəblərində pulsuzdur. İbtidai təhsil pilləsi 6-14 yaş arasındakı uşaqları əhatə edir. Orta təhsil dördillikdir. Orta təhsil ümumi, peşə və texniki orta təhsil müəssisələrini əhatə edir. Yəni fərqlilik mövcuddur. Türkiyənin bu cür təşəbbüsü təqdirəlayiqdir, əlbbətə ki, bu məktəb ən yüksək səviyyədə olacaq. Həm də nəzərə alaq ki, hər zaman bütün gözlər bu məktəbdə olacaq.

E.Ramizoğlu bildirdi ki, inşa ediləcək məktəblə bağlı bəzi detallar açıqlandıqdan sonra daha aydın təsəvvür yaranacaq:  

- Fikrimcə, bu məktəbin məzunları üçün də daha geniş imkan yaradılacaq. Bu haqda danışmaq hələ tez olsa da, ancaq imkanların böyük olacağını söyləmək mümkündür. Hər bir halda gözəl təhsil gözləyirik.