17 tunel, 7 viaduk, 14 körpü: Kəlbəcər-Laçın arasında məsafə 32 km qısalır

  • Kəlbəcər-Laçın yolunda böyük layihənin 50%-i tamamlanıb

Regionda yeni nəqliyyat dəhlizi formalaşır. Bu, Kəlbəcər-Laçın avtomobil yoludur.

Bu barədə Sherg.az-a nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verib. Ekspert bildirib ki, avtomobil yolunun çəkilməsi ilə Kəlbəcərlə Laçın arasındakı məsafə 31,98 kilometr qısalacaq: 

- Mürəkkəb dağlıq relyefdə inşa olunan 75,8 kilometrlik Kəlbəcər–Laçın avtomobil yolu I–II texniki dərəcəli, 2–4 hərəkət zolaqlı olacaq. Layihə çərçivəsində 17 tunel, 7 viaduk, 14 körpü və 212 suötürücü keçid inşa olunur. Ümumi uzunluğu 13 kilometrdən çox olan tunellərin hamısında qazma, 12-də isə betonlama işləri tamamlanıb. Tikinti sahələrində 2 085-dən çox işçi və 509 texnika çalışır. Hazırda layihə üzrə ümumi işlərin 50%-dən çoxu icra olunub. Yeni yol Kəlbəcər və Laçın arasında gediş-gəlişi qısaltmaqla yanaşı, regionda yeni nəqliyyat dəhlizinin formalaşmasına xidmət edəcək. Bu yol Kəlbəcərdə, Laçında məskunlaşmanın daha da sürətlənməsinə, ümumən Qarabağ və ətraf bölgələrdə həyat səviyyəsinin yüksəlməsinə səbəb olacaq.