“Zəngəzur dəhlizi mütləq açılacaq, özü də qısa müddətdə"

“İranın son reaksiyasından  Zəngəzur dəhlizinin açılması məsələsinin tezləşdiyi bəlli olur”.
Bu barədə “Sherg.az”a siyasi şərhçi Rusif Məmmədsoy bildirib. O qeyd edib ki, İranın bu canfəşanlığının səbəbi heç də İsrailin, onların təbirincə desək "sionist rejimin" sərhədlərinə yaxınlaşması deyil. Əsas məsələ Zəngəzur dəhlizinin açılması və digər məqamlarla bağlı idi:


“Azərbaycan və Türkiyənin hazırda əsas vəzifəsi məhz Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhliz  regional layihə olduğuna görə açılacaq və hər kəs  dəhlizin açılmasını istəyir. Çünki dəhliz vasitəsilə daşınmalar daha  rahat olacaq,  gediş-gəliş asanlaşacaq və s. Ermənistan tərəfi bu məsələsinə birmənalı olaraq “yox” deyirdi. Lakin bunun heç bir əhəmiyyəti olmadı. Biz qalib tərəfik və bizimlə hesablaşacaqlar".

R.Məmmədsoy diqqətə çatdırıb ki, Zəngəzur dəhlizi qısa zaman kəsiyində açılacaq:

 "Rusiya dəhlizin açılmasına razılıq verib. Ərdoğan və Putinin Soçi görüşü zamanı da mövzu ətrafında müzakirə edilib və Putin  məmnun olduğunu dilə gətirib. 
Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün yalnız iqtisadi cəhətdən deyil, strateji nöqteyi-nəzərdən də önəmlidir. 
Yəni hər şeyə rəğmən, nə olursa, olsun Zəngəzur dəhlizi mütləq açılacaq. Özü də qısa müddətdə"