Qarabağda sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı erməni separatçıları əndazəni aşıb. “Oxu.az”ın xəbərinə görə, separatçılar ərazidəki mülki əhaliyə atəş hazırlığı dərslərinin keçiriləcəyini bildiriblər. Separatçılar sözügedən təxribat “tamaşasını” oynamaqla sülhün yaradılmasının ziddinə gedirlər. Bir müddət əvvəl Azərbaycanın mövqeləri istiqamətində qumbara atan ermənini xatırlasaq, o zaman bu atəş hazırlığı “təşəbbüs”ünün də arxasında dayanan planları sezmək olur.Ancaq ermənilərin istənilən təxribatının qətiyyətlə alınacağına şübhə yoxdur. Azərbaycan ordusu belə təxribatları neytrallaşdıra bilmək iqtidarındadır.Rus sülhməramlıları erməni terrorunu dəstəkləməməli, qane etməyən hərəkətlərin qarşısını almaq məsuliyyətindədirlər.
Erməni separatçı qüvvələrinin təxribatları ilə bağlı "Sherg.az"a danışan siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev deyib ki, Qarabağdakı sülhməramlılar qeyri-qanuni fəaliyyətlə məşğuldurlar:
"Qarabağda sülhün deyil, qarşıdurma yaranmasının tərəfdarıdırlar. Üçtərəfli bəyanatda göstərildiyi kimi erməni separatçılarının həmin ərazilərdən çıxarılması ilə bağlı məsələni həyata keçirmirlər. Tikirlər, qururlar, evlənirlər, boşanırlar, amma sülh yaratmırlar. İndi də əhaliyə atəş açmaq dərslərinə başlayırlarsa, demək bu kuliminasiya nöqtəsidir. Belə hazırlıqlar gələcəkdə müharibə olacağı təqdirdə keçirilir. Hazırki Ukraynanın vəziyyətinə uyğundur. Rusiya sülhməramlıları Qarabağda hansı erməniyə atəş açmağı öyrədirlər? Qeyri-rəsmi məlumata görə 10 mindən çox erməni separatçılarının əksəriyyəti xaricdən gələnlərdir. Müxtəlif ölkələrdə terror aktlarında iştirak ediblər, indi də Qarabağdadılar. Siyahıları, qeydiyyatı məlum deyil. Azərbaycan tərəfi də üzərinə götürdüyü öhdəliyə görə hərəkət edir. Prezindent, Azərbaycan Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri bu barədə fikir bildiriblər. Bəzi məqamlar media üçün açıq danışılmır. Amma bütün hallarda müəyyən məsələləri açıb ağartmamaq lazımdır".
Politoloqun fikrincə, sülhməramlılar fərqli istiqamətdə hərəkət edirlər:
"Onların Qarabağda qalması üçün Azərbaycan tərəfi razılıq verməlidir. Artıq il yarımdır sülhməramlı funksiyasını yerinə yetirirlər. Müddətin qısalması,uzanması məsələsi də Azərbaycanın əlindədir. Hələlik vədlərimizə əməl edirik, lakin hər şeyin sonu var. Rusiya sülhməramlıları Qarabağda həyata keçirmək istədikləri anti- Azərbaycan siyasətinin də sonu gələcək. Daimi olduqlarını fikirləşməsinlər. Azərbaycanın torpaqlarını qaytaracağına da inanmırdılar.
Rus sülhməramlıları başqa bir şey haqqında fikirləşsinlər. Ən azı 5 il qala biləcəklərmi, yoxsa yox, onu düşünsünlər".