İşğaldan azad edilmiş ərazilərimiz çörək də verəcək 


Bu ərazilərimiz taxıl tələbatının ödənilməsində xüsusi rola malikdir 
Ağcabədi, Ağdam, Füzuli taxıl istehsalı baxımından Qarabağda aparıcı rayonlardır

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Azərbaycanda uzun illərdir həyata keçirilən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları şanlı qələbəmiz nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə də eyni qaydada icra olunacaq. Bunu Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağa etdiyi səfərlər zamanı da vurğulayır. 30 ilə yaxın müddətdə erməni vandallarının viran qoyduğu ərazilərdə Azərbaycan dövlətinin apardığı quruculuq, abadlıq işləri Qarabağ bölgəsini də yenidən dirçəldir, canlandırır. İqtisadi dirçəliş, insan resurslarının canlanması göz önündədir. Şanlı qələbəmizdən sonra ümumən Qarabağ bölgəsində nəhəng tikintilərə start verilib, yollar çəkilir, müəssisələr yaradılır, su elektrik stansiyaları işə salınır. Cənab Prezident Novruz bayramı günü Suqovuşana səfəri zamanı bildirdi ki, azad edilmiş hər bir bölgədə, şəhərdə, kənddə abadlıq-quruculuq işləri geniş vüsət alıb. Yaşayış binaları, turizm obyektləri, məktəb, bağça, məscid... bir sözlə, sosial infrastruktur üçün nə lazımdırsa, insanların normal yaşayışı üçün nə gərəkdirsə, hamısı tikilir və tikiləcək. Qısaca bunu xatırladaq ki, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatındakı məlumatlara görə dövlət büdcəsindən 1590, 3 milyon manat işğaldan azad edilmiş ərazilərdə yerinə yetirilən 16 avtomobil yolu layihəsinin icrasına və bu ərazilərdə istifadə etmək üçün maşın-mexanizm alınması üçün sərf edilib. Vətən müharibəsi dövründə avtomobil yollarına və yol qurğularına dəymiş ziyanın aradan qaldırılması məqsədilə ayrılmış vəsait hesabına isə 2021-ci ildə Naftalan şəhərində, Goranboy, Daşkəsən və Tərtər rayonlarında ümumilikdə 44,2 km asfalt-beton örtüklü avtomobil yolu və 2 ədəd körpü bərpa edilib. Tikinti-abadlıq işləri öz yerində. Digər əsas məsələlərdən biri də ölkəmizin ərzaq ehtiyatının formalaşmasıdır. Qarabağ bölgəsinin işğaldan azad edilməsiylə ərzaq təhlükəsizliyi və ərzaq ehtiyatı üçün münbit şərait yarandığını mütəxəssislər də daim vurğulayır. 

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov “Ağcabədi Taxıl Aqropark”ı yaradılarkən bunun bütövlükdə ərzaq təhlükəsizliyinin və təminatının formalaşmasında mühüm amillərdən biri olduğunu bildirib: 

- Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi prioritet məsələdir. Xüsusilə daxili imkanlar hesabına təminat ən vacib istiqamətlərdən biridir. Hazırda Azərbaycanda taxıla olan tələbatın 60 faizi yerli istehsal hesabına ödənilir, qalan 40 faizi isə idxal edilir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizin taxıl istehsalında, taxıla olan tələbin ödənilməsində xüsusi rolu ola bilər. Ağcabədi, Ağdam, Füzuli taxıl istehsalı baxımından Qarabağda aparıcı rayonlardandır. Ağdam və Füzulinin əsas hissələrinin uzun müddət işğal altında qalması o rayonların potensialından istifadə etməyə imkan verməyib. İlkin qiymətləndirmələr göstərir ki, işğaldan azad edilmiş ərazilərdə 200 min tona yaxın taxıl istehsalı mümkündür. Bu da ölkənin ərzaq təhlükəsizliyi və ərzaq təminatı baxımından çox vacibdir. “Ağcabədi taxıl Aqropark” ölkədə taxıla olan tələbin yerli istehsal hesabına ödənilməsinə xüsusi, müsbət təsir göstərəcək, xüsusən də taxılda idxaldan asılılığın aradan qaldırılmasına xüsusi töhfə verəcək. Bu aqropark həm də işğaldan azad edilmiş ərazilərimiz üçün taxıl məhsullarının yetişdirilməsi, hazırlanması və istifadəsinə də imkan yaradacaq.

“Ağcabədi taxıl Aqropark” müasir əkinçilik və bağçılıq təsərrüfatının qurulması layihəsi olan aqroparkın ümumi sahəsi 3 min hektardır. Bu ərazinin 850 hektarı dövlət ehtiyat fonduna daxildir. Aqroparkın faktiki əkin sahəsi 1368 hektardır. Burada əsasən arpa, buğda, qarğıdalı, pambıq, günəbaxan və sair bitkilər becərilib. Aqroparkda, həmçinin 110 hektar sahədə intensiv badam bağı salınıb. Burada suvarma mənbəyi kimi Yuxarı Qarabağ kanalından istifadə olunur. Əkin sahələrinin suvarılmasında ən müasir sistemlərdən istifadə edilir. Aqroparkın emal sahəsi gündəlik gücü 150 ton olan yem zavodundan və 100 ton olan yem paketləmə xəttindən ibarətdir. Ümumi dəyəri 35 milyon manat olan aqroparkın yaradılmasına 9,8 milyon manat məbləğində güzəştli kredit verilib. Burada 41-i daimi olmaqla 150 iş yeri yaradılıb. Bütün bunlar Qarabağ regionunda vətəndaşların işlə təmin edilməsinə də münbit şərait yaradır. Müasir dövrün reallıqları, hazırda dünyada yaşanan ərzaq qıtlığı, lokal müharibələr, iqlim dəyişiklikləri nəzərə alınarsa, yaxın gələcəkdə ərzağa tələbatın daha da artacağı şübhəsizdir. Azərbaycan dövləti reallıqlardan çıxış edərək taxıl, buğda tədarükündə idxaldan asılılığın azaldılmasını qarşısına məqsəd qoyub. Hazırda vəziyyət belədir ki, Azərbaycan 2022-ci ilin yanvarında buğda idxalını ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə artırıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunur. Hesabat dövründə ölkəmiz 93,7 min tondan çox buğda idxal edib. Yanvar ayında ölkəyə idxal olunan buğdanın dəyəri 32,475 milyon dollar təşkil edib ki, bu da 2021-ci ilin yanvarı ilə müqayisədə 4,5 dəfə çox olub. Hesabatda qeyd olunur ki, buğdanın 50,1 faizi Qazaxıstandan, 49,9 faizi isə Rusiyadan idxal olunub. Ötən ilin yanvarı ilə müqayisədə Rusiyadan idxal 37,1 faiz azalıb, Qazaxıstanın isə payı müvafiq olaraq 37 faiz artıb. Azərbaycan dövləti taxıl və buğda tədarükündə alternativləri də gözdən keçirir. Məsələn, Hindistan Ticarət Nazirliyi buğda ixracı ilə bağlı Azərbaycan da daxil olmaqla 30 ölkəyə müraciət etmək üçün qərar qəbul edib. Hindistanın hökumətinin yüksək çinli rəsmisi bildirib ki, Hindistan dünyanın 30-a yaxın buğda idxal edən ölkəsində Rusiya və Ukraynanı əvəz etmək niyyətindədir. Onilliklər ərzində Rusiya və Ukrayna buğdasının eksklüziv alıcısı olan daha 10-15 ölkə var ki, Hindistan hökumət sövdələşmələri və ya özəl kanallar vasitəsilə ixracı artırmaq üçün onları da diqqətlə izləyir. Bu siyahıya Azərbaycan, Misir, Suriya, Mərakeş, Türkiyə, Sudan, İtaliya, Yəmən, Yunanıstan və Hindistan buğdasını nadir hallarda alan Şimal-Şərqi Afrika ölkələri daxildir. Odur ki, hazırda qarşıda duran əsas məsələ idxaldan asılılığı azaltmaqdır. Bunun üçünsə işğaldan azad edilmiş ərazilərin geniş potensialından səmərəli istifadə edilməlidir.