“Qarabağa “Böyük Qayıdış” Azərbaycan dövləti üçün prioritet məsələdir”

Azər Badamov: “Bununla  bağlı dövlət proqramı hazırlanıb və bu istiqamətdə önəmli fundamental işlər görülür”

“Əvvəlcə yaşayış məntəqələrinin baş planları hazırlanır və bütün tikinti işləri də bu baş planlara uyğun aparılır”

Layihə: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”


Azərbaycan dövləti üçün prioritet məsələ işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın qısa müddətdə yüksək səviyyədə təmin edilməsidir. Ölkə rəhbərliyi Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmindədir. Hazırda işğaldan azad olunan ərazilərdə görülən önəmli fundamental işlər Azərbaycanın bu istiqamətdəki gücünü bir daha göstərir.
Məsələ eyni zamanda Azərbaycan ictimaiyyətinin və cəmiyyətinin də daim diqqətindədir.

Bununla bağlı ayrı- ayrı partiya funksionerləri, ictimai xadimlər, ziyalılar da zaman-zaman öz təkliflərini hazırlayıb müvafiq dövlət orqanlarına göndərirlər.
O cümlədən də Milli Hərəkatçılar Birliyi işğaldan azad edilmiş torpaqlarımıza “Böyük Qayıdış”la bağlı proqram və 33 bənddən ibarət təkliflər paketi hazırlayıb. Paketin hazırlanmasında məqsəd, ilkin olaraq, ictimai rəydə bu məsələnin necə dəyərləndirələcəyi və cəmiyyətin reaksiyasının necəliyini bilməkdir.

Bu proqram, xalqla dövlətin düşüncə, iradə və hərəkət birliyi içində tətbiq edilməlidir ki, 30 il bir-birindən ayrı düşüb dünyaya səpələnmiş Zəngəzur və Qarabağ əhalisi yenidən birgə yaşayışlarının təmin olunma prosesinin, yəni Qayıdış Hərəkatının tərkib hissəsinə çevrilə bilsin: “Bu işdə millətin və dövlətin birliyi əhalinin səfərbər olub bərpa işində çiyin-çiyinə iştirak etməsinə böyük imkanlar yaradır. 44 günlük savaşımızda milli birlik duyğuları xariqələr yaratdığı kimi, bu gün də millət öz dövlətinə dəstək olmalı, dövlət də milli strateji əhəmiyyətli Qayıdış Hərəkatını millətin gücü və bütün xalqın könül razılığı ilə gerçəkləşdirməlidir. Belə olarsa, bu çətin iş daha asanlıqla, ağrı-acısız şəkildə və heç kimin könlü qırılmadan, heç kim narazı qalmadan başa çatdırıla bilər.

Düşdüyümüz bu mürəkkəb şəraitdə hər cür nizamsızlığın, vətəndaşlarımız arasında anlaşmazlıqların olacağını da nəzərdən qaçırmamalıyıq. Bu baxımdan həm millətə və dövlətə, həm də hökumətə böyük iş düşür. Birliyin təklifləri yalnız müzakirə məqsədilə təqdim edilir. Bunların əlaqədar dövlət orqanları, mütəxəssislər və xalqın bütün təbəqələri tərəfindən geniş müzakirəsi bu sənəddə nəzərdə tutulmayan və ya səthi toxunulan bir çox məsələnin daha dərindən araşdırılmasına, daha əsaslı və önəmli olan yeni təkliflər verilməsinə imkan yarada bilər. Nəzərə almalıyıq ki, cəmiyyətimiz narahatdır. Yerli sakinlər bir an öncə yurdlarına yerləşməyə tələsir, vaxt get-gedə daralır. Cəmiyyətdəki bu gərginliyi azaltmaq, yurda dönmək üçün gün sayan sakinlərin həvəsindən və enerjisindən faydalı şəkildə istifadə etmək məqsədilə ləngimədən fəaliyyətə keçmək lazımdır. Ona görə bütün əlaqədar təşkilatları və şəxsləri müzakirələrdə aktiv iştirak etməyə, Qayıdış Hərəkatının uğurla gerçəkləşməsinə öz töhfələrini verməyə çağırırıq. Azərbaycan dövlətinin strateji maraqları bizdən bunu tələb etməkdədir”.
Milli Hərəkatçılar Birliyi həmçinin qeyd edib ki, 44 günlük savaşda olduğu kimi, Azərbaycanın dünyaya yeni bir nümunə ola biləcək Qayıdış Hərəkatını da elliklə, könül birliyi içində başlatmalı və milli qürur hissiylə, uğurla başa çatdırmalıyıq: “Xalqın bütün təbəqələri - mühəndisi, həkimi, iş adamı, fəhləsi, sürücüsü, dövlət məmuru, müəllimi, alimi, yazıçısı, jurnalisti və s. səfərbər olub, bərpa işində öz əməklərini verməli, əl izlərini qoymalıdır.  Məlum olduğu kimi hələlik böyük infrastruktur layihələri gerçəkləşdirilməkdədir. Lakin əsas kütləvi işlər yaşayış massivlərinin bərpasına başlayanda olacaq ki, bu da çoxsaylı işçi qüvvəsinə tələbat yaradacaq. İşçi qüvvəsinin əsasən yerli əhalidən təşkil olunması, yerli əhalidən olan iş adamlarının, təmir-tikinti, montaj-quraşdırma şirkəti sahiblərinin, müxtəlif mütəxəssislərin, dünyaya səpələnmiş yerli sakinlərin səfərbər olması, bunların arasında iş bölgüsünün aparılması, dövlətin işçi qüvvəsi problemini də, sərmayə qoyuluşu məsələsini də müəyyən mənada həll etmiş olur.

Yaradılacaq və ya bərpa ediləcək olan yaşayış məntəqələri formalaşdırılarkən orada yaşayacaq olan əhalinin həqiqi ehtiyacları və istəkləri mütləq nəzərə alınmalıdır. Əlbəttə, yeni ağıllı kəndlər, ağıllı şəhərlər də yaradıla bilər, mövcud kəndlər, qəsəbələr, şəhərlər də bərpa olub, son texnologiya ilə tam təchiz edilə bilər. Hansı variant olursa olsun, işlərin başlanğıcından sonuna qədər dövlət ilə əhali əlbir çalışmalı və bu yanaşma dövlət proqramında mütləq əks olunmalıdır”.


Millət vəkili Azər Badamov da “Şərq”ə açıqlamasında qeyd edib ki, bu gün Azərbaycan dövləti üçün prioritet məsələ işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdış məsələsidir:

 “Qeyd etdiyiniz kimi, bununla  bağlı dövlət proqramı hazırlanıb və bu istiqamətdə önəmli fundamental işlər görülür. Əvvəlcə yaşayış məntəqələrinin baş planları hazırlanır və bütün tikinti işləri də bu baş planlara uyğun aparılır. Baş planlar mütəxəssislərin iştirakı ilə müvafiq strukturlar tərəfindən hazırlanır. Baş planlar hazır olandan sonra müzakirə olunur və cənab Prezidentin tapşırığına əsasən həmin rayonların ziyalıları, ağsaqqalları da iştirak edirlər. Müzakirələr zamanı səmərəli bütün təkliflər nəzərə alınır və daha mükəmməl şəkildə tikinti işləri icra edilir. Təkliflərə baxılmasını çox müsbət hal hesab edirəm. Çünki elə bir hal ola bilər ki, hər hansı bir yaşayış məntəqəsini planlaşdıranda hansısa bir vacib məqam yaddan çıxa bilər. Ona görə də ictimai müzakirə olunandan sonra qərar qəbul olunur. Amma baş  planların son variantı təsdiq olunandan sonra kənar tikintilərin aparılmasına yol verilmir və bu məsələ ölkə başçısının nəzarətindədir”.