Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərkən jurnalistlərə açıqlama verib.
Səfir Şuşada Türkiyə Konsulluğunun yaradılması ilə bağlı Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında danışıqlar aparıldığını bildirib.
O, prosesin daim diqqətdə saxlanıldığını vurğulayıb.Qeyd edək ki, bu barədə ilk dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söz açıb.
“Türkiyə olaraq ən qısa zamanda Şuşada Baş Konsulluq açmağı planlaşdırırıq. Beləcə, bölgədə gerçəkləşdirəcəyimiz fəaliyyətimizin daha sürətli və səmərəli olmasını təmin edəcəyik”-, deyə Prezident vurğulayıb.
Reallaşması gözlənilən hadisəni "Sherg.az"a dəyərləndirən millət vəkili Aqil Abbasın fikirlərinə görə, Şuşada Türkiyə konsulluğunun açılması xüsusilə, mənəvi cəhətdən əhəmiyyət daşıyır:
"Türkiyənin Gəncədə və Naxçıvanda konsulluğu var. Şuşa da Türk dünyasının mədəniyyət mərkəzidir, turizm şəhərinə çevrilir. Konsulluğun fəaliyyəti ilə işlər daha da aktivləşər. Həm dünyaya, həm ermənilərə, həm də sülhməramlılara önəmli mesajdır.
Bizim Qarsda və İstanbulda konsulluğumuz çalışır. Trabzonda da konsulluğumuzun olmasını istəyirəm. Türkiyə böyük ölkədir".
A.Abbas səfirliklə konsulluğun fərqlərini açıqlayıb:
"Səfirlik hər ölkədə bir dənədir. Amma konsulluq ayrıdır. Bizim Rusiyada Yekaterinburqda, Sankt -Peterburqda konsulluğumuz yerləşir. Konsulluğun öz vətəndaşlarını qorumaq kimi müəyyən səlahiyyətləri mövcuddur.
Rəşad Məcidlə birlikdə Rusiyanın Yessentuki şəhərində idik, saçmızı qırxdırmışdıq. Polis gəlib saxladı. İstirahətə getmişdik. Konsulumu çağırmaqlarını, niyə saxladıqları barədə konsulluğu məlumatlandırmaqlarını söylədim. Polislər çaşdı, qaldı. Sonra əl çəkdilər.
Doğrudur, türkiyəlini saxlayıb belə deyən olmaz. Amma hər halda konsulluğun fəaliyyəti böyük hadisədir".