Gənclər Şuşada toplandı 

“Yay Düşərgəsi ölkəmizi uğurla təmsil etmək bacarıqları, şəbəkələşmək imkanı qazandırır”
  Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinin incisi olan Şuşada “Diaspor Gənclərinin III Yay Düşərgəsi” davam edir. Qeyd edək ki, “Şuşa İli” çərçivəsində təşkil edilən Düşərgə işini avqustun 8-də başa çatdıracaq. Dövlət Komitəsinin məlumatında bildirilir ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli Sərəncamı çərçivəsində həyata keçirilən layihə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etmək məqsədinə xidmət edir. “Diaspor Gənclərinin III Yay Düşərgəsi”ndə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və Azərbaycana dost münasibət bəsləyən digər xalqların 18-29 yaş arasında olan gənclər iştirak edir. Düşərgənin proqramı da çox zəngindir. Proqrama Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanışlıq, müqəddəs məkanları ziyarət, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərlə, Azərbaycanın mədəniyyət və incəsənət, həmçinin elm xadimləri ilə, müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir. İlk gündən Düşərgə həyatı maraqlı olub. Azərbaycan Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsinin ilk günü səhər idmanı ilə başlayıb. Yoqa üzrə ixtisaslaşmış təlimçi Ruqiyyə Əşrəflinin apardığı dərs gənclərimizə Şuşadakı ilk səhəri gözəl əhval-ruhiyyə ilə açmağa kömək edib. Sonra Avropa Şurasının Gənclər departamentinin Təlimçilər Şəbəkəsinin baş təlimçisi Pərvanə Məmmədova düşərgə iştirakçılarını günün proqramı barədə məlumatlandırıb. Proqrama əsasən, düşərgə iştirakçılarına Azərbaycan dili təlimi təşkil edilib. Təlimi Azərbaycan Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Səbinə Əliyeva tədris edib. Təqdirəlayiqdir ki, düşərgə iştirakçıları, xüsusilə də xaricdə doğulub böyüyən gənclər arasında doğma dilimizi mükəmməl bilənlər olsa da, 115 nəfərin hər biri Azərbaycan dili təliminə qatılıb. İlk dərsdə gənclərimiz Azərbaycan dilində yaşadıqları ölkə, təhsilləri, iş təcrübələri, nailiyyətləri və diaspor fəaliyyətləri barədə məlumat veriblər. Gənclərimizin doğma dilimizdə çıxışları maraqla qarşılanıb. Proqram “Azərbaycan diasporu və dövlət gənclər siyasəti” və “Dövlət Qurumları ilə ictimai əlaqələrin qurulması” mövzularında panellərlə davam edib. Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəblinin moderatorluqları ilə aparılan panel iclaslarında Azərbaycan dövlətinin diaspor və gənclərlə iş sahəsində gördüyü işlər barədə ətraflı məlumat verilib, diaspor gənclərinin xaricdə ölkəmizin qeyri-rəsmi səfirləri olduqları, beynəlxalq tədbirlərdə tarixi vətənlərini ləyaqətlə təmsil etdikləri vurğulanıb. 44 günlük Vətən müharibəsi dönəmində xalqımızın haqq səsini yaşadıqları ölkələrin ictimaiyyətinə fədakarlıqla çatdıran gənclərimizə minnətdarlıq ifadə edilib. Müstəqil Azərbaycan dövlətinə qarşı yönələn təhdidlərin və məqsədyönlü təxribatların önünün alınmasında gənclərin roluna diqqət cəlb edilib və bu istiqamətdə fəallıq göstərilməsi yollarından danışılıb. Panellər gənclərlə interaktiv sual-cavab formatında aparılıb. Düşərgə gənclərinin ilk günü Şuşa turu və əyləncəli proqramla başa çatıb. İsa bulağından yaşadıqları ölkələrə su payı götürən gənclərimiz Şuşanın bütün tarixi məkanlarında “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər. Yay Düşərgəsinin növbəti günləri də yaddaqalan hadisələrlə zəngin olub. Proqram çərçivəsində “Azərbaycanın müstəqillik tarixi” mövzusunda panel iclası təşkil edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Yəhya Babanlının moderatorluğu ilə aparılan panel iclasda Azərbaycan Milli Elmlər Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Tohidi və Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı çıxış ediblər. Məruzəçilər Azərbaycan dövlətinin müstəqillik tarixindən, Xalq Cümhuriyyəti dövründən, xalqımızın milli azadlıq mücadiləsinin dövlət müstəqilliyinin bərpa olunması ilə nəticələnməsindən və ölkəmizi parlaq Zəfərə aparan yoldan danışıblar. Diaspor Gənclərinin III Yay Düşərgəsi çərçivəsində tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüş keçirilib. Maraqlıdır ki, bu tədbir dahi Bülbülün ev-muzeyinin həyətində təşkil olunub. Bu da düşərgə üzvlərinə xoş təsir bağışlayıb. Tədbirdə “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, kinoşünas, kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev, kinoaktyor, Xalq artisti Şamil Süleymanov və Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Zöhrab Dadaşov iştirak ediblər. Xalqımızın zəngin mədəni irsi barədə ətraflı məlumat verən tanınmış ziyalılarımızın maraqlı söhbətləri düşərgə gənclərinə unudulmaz anlar bəxş edib. Gözəl əhval-ruhiyyənin hökm sürdüyü görüş sualların cavablandırılması ilə başa çatıb.
  Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin, həmçinin müxtəlif xalqları təmsil edən gənclərin Şuşada Yay Düşərgəsinə toplaşmasının əhəmiyyəti çox böyükdür. Gənclər ilk növbədə Tarixi Zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla bağlarını daha da möhkəmləndirəcək, ölkəmizi uğurla təmsil etmək bacarıqları, şəbəkələşmək, yeni dostlar qazanmaq imkanları əldə edəcəklər. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov danışıb. Komitə sədri bildirib ki, Diaspor Gənclərinin Yay Düşərgəsinin Qarabağın incisi olan mədəniyyət paytaxtımızda keçirilməsi tarixi önəm daşıyır. Bu ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının V Qurultayının məhz işğaldan azad edilmiş Şuşa şəhərində təşkil olunduğunu xatırladan Komitə sədri mərasimi Azərbaycan diaspor tarixinin əlamətdar hadisələrindən biri adlandırıb və bu münasibətlə düşərgə iştirakçılarını təbrik edib. O, Vətən müharibəsindəki tarixi Zəfərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan Ordusunun rəşadəti sayəsində mümkün olduğunu vurğulayıb: "Azərbaycan tolerant ölkədir. Biz heç vaxt heç kimin torpağını işğal etməmişik. Siz bununla fəxr etməli və Azərbaycanın düşmənlərinə qarşı ideoloji mübarizə aparmalısınız. Biz istəyirik ki, buradan qayıdandan sonra siz yaşadığınız ölkələrin parlamentlərinə, hökumətlərinə, eləcə də beynəlxalq təşkilatlara öz mövqeyinizi bildirəsiniz". Qeyd edilib ki, Diaspor Gənclərinin Yay düşərgəsi ənənə halını almalıdır. Diaspor hərəkatı tarixində ilk dəfə olaraq Qarabağ torpağında belə bir tədbir keçirilir. Xaricdə yaşayan gənclərimizin və Azərbaycana dost ölkələrin nümayəndələrinin qədim şəhərdə bir araya gəlməsi müsbət hadisə kimi qiymətləndirilir. Düşərgə işini başa vurduqdan sonra öz ölkələrinə qayıdan gənclər Şuşada gördüklərini, Azərbaycan həqiqətlərinin ölkələrinin ictimaiyyətinə, gənclərə çatdırılmasında böyük rol oynaya bilər. Düşərgə diaspor təşkilatlarının fəaliyyətinin güclənməsinə xidmət etməli, burada yaşanan birlik, həmrəylik növbəti düşərgə ilinədək davam etməlidir".