Növbəti erməni vəhşiliyi... - Laçında qəbirləri dağıdırlar - Nə etməli?

Novella Cəfəroğlu:“Bu vəhşiliyin sənədləri və şəkilləri toplanaraq bütün beynəlxalq  insan haqları təşkilatlarına və “Human Rights Watch”a göndərilməlidir”


32 il öncə Azərbaycan torpağında qanunsuz məskunlaşan ermənilər artıq yaşayış yerlərini tərk etməyə başlayıblar. Mayaları barbarlıq və terrorla yoğrulan ermənilər bu dəfə də məkrli xislətlərinə “sadiq qalıblar”.  Sığındıqları evləri yandırır, bəziləri meşələrə od vuraraq ekoloji terror törətməklə vəhşiliklərini bir daha sübut ediblər. Bununla yanaşı, Laçından çıxarılan ermənilər qəbirləri dağıdır, baş daşlarını sökürlər. Bəhs etdiyimiz görüntülər sosial şəbəkələrdə yayımlanıb. Kadrlardan da göründüyü kimi, onlar qəbirləri dağıdaraq illər öncə ölmüş qohumlarının qalıqlarını da özləri ilə aparırlar. 

Qeyd edək ki, ermənilər analoji davranışı Ağdam və Kəlbəcəri tərk edərkən də gerçəkləşdiriblər. Orada da evləri və mülki obyektləri yandırıb, yaxınlarının qəbirlərinin qəbir daşlarını sökərək Ermənistana daşıyıblar.

Məsələyə münasibət bildirən hüquq müdafiəçisi Novella Cəfəroğlu "Sherg.az"a bildirib ki, faktları dünyaya göstərərək erməniləri susdurmalıyıq: 

"Ermənilər hər zaman şikayət edirlər ki, guya biz onların kilsələrini dağıdırıq. Lakin hər şey əksinədir.  Onlar Azərbaycan torpaqlarında vandalizm törədirlər. Laçınlılardan aldığımı məlumata görə ermənilər onların ata-babalarının qəbirlərini dağıdaraq üzərində yeni evlər tikiblər. Bu vəhşiliyin sənədləri və şəkilləri toplanaraq bütün beynəlxalq  insan haqları təşkilatlarına və “Human Rights Watch”a göndərilməlidir. Amma biz səsimizi o beynəlxalq təşkilatların heç birinə çatdıra bilmirik. Ciddi cəhdlə çalışmalıyıq ki, bütün həqiqətləri dünyaya göstərək. Bizim hökumət və qeyri- hökumət təşkilatları məsələ ilə ciddi məşğul olmalıdır. Xalq olaraq hər kəs bu işdə “əlini daşın altına qoymağı” bacarmalıdır”.