“...Əsasında həyata keçirilmiş dırnaqarası mitinqlərin sayı çox olacaq”
"Dünən Xankəndində keçirilən mitinqlər Azərbaycan ictimaiyyətindəki hər kəsi narahat edib və etməlidi də".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Rusif Məmmədsoy Xənkəndində ermənilər tərəfindən keçirilən aksiyaya münasibət bildirərkən deyib.
Analitik qeyd edib ki, Xankəndi Azərbaycanın ayrılmaz hissəsidir və ora daxil olmaqla digər 4 rayonumuzda da Azərbaycan yurisdiksiyası mütləq şəkildə bərpa edilməlidir:
"Biz rus sülhməramlılarının orada qalmaması üçün əlimizdən gələni etməliyik. Azərbaycan indiki məqamda qətiyyətlə sərt üzünü göstərməli və Xankəndində antiterror əməliyyatları ilə bağlı siqnallarını hər iki tərəfə ötürməyi bacarmalıdır. Rəsmi Bakı bununla qarşı tərəfə atacağı addımların bəlli olduğunu çatdıracaq. Digər tərəfdən suallar yaranır ki, bu qədər erməni Xankəndinə necə gəlib?
Axı burada o qədər insan yox idi. Əlbəttə ki, Laçın dəhlizi vasitəsi ilə. Xatırlayırsızsa, bir neçə gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yaymışdı. Bəyanatda bildirilirdi:
- Biz Laçın dəhlizini minaların,texnikaların daşınması üçün açıq saxlamamışıq. Yəqinki o minalardan biri kimi Xankəndinə gələn ermənilər nəzərdə tutulurdu".
Siyasi şərhçi bildirib ki, oradan keçən avtobuslara “dur” demək lazımdır:
"Burada sülhməramlılar öz missiyasını düzgün yerinə yetirməli idi. Lakin təəssüf ki, bölgəyə sülhməramlı missiyası altında gələn rusiyalılar, Ermənistanın mövqeyinin müdafiəçisi kimi çıxış edirlər.
Ortada Azərbaycana qarşı formalaşan bir cəbhə var. Bu cəbhənin qarşısında isə Pakistan,Türkiyə, İsrail kimi dostlarımız dayanır ki, onların vasitəçiliyi ilə sözügedən cəbhəni yarmaq məcburiyyətindəyik.
Bunun üçün isə Bakı qətiyyətli şəkildə Laçın dəhlizinin bağlanmasını bildirməlidir. Çünki bu dəhliz bağlanmasa Xankəndində rusların ssenarisi əsasında həyata keçirilmiş dırnaqarası mitinqlərin sayı çox olacaq. Xatırlayırsızsa 1988-ci ildə də Xankəndində mitinqlər olmuşdu.
Ancaq Azərbaycan 1988-ci ildəki ölkə deyil ki, bunlara boyun əysin. Bizim hər birimiz münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik. Əgər proseslər hərbi müstəviyə keçərsə, hər birimiz əsgərik və Qarabağın Azərbaycanın yuristiksiyasına keçməsi üçün canımızı verməyə hazırıq".