Qarabağa yeni “qan vurulur”! – “Hər guşəsində yenidənqurma işləri...”

İşğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturunun qurulması layihələrinin icrası  xüsusi diqqət mərkəzində saxlanılır. Bunu Prezident İlham Əliyevin həmin ərazilərə mütəmadi səfərləri, görülən işlərdə yerində tanış olması da göstərir. 

Qarabağ və Şərqi Zəngəzurda bütün işlər plan üzrə gedir. Hazırda Qarabağ və Şərqi Zəngəzur qaynar tikinti meydanını xatırladır.  Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün təsdiqlənmiş baş planlara uyğun olaraq yaşayış məhəllələri salınır, yollar çəkilir, kəndlər "ağıllı" konsepsiyalarla yenidən qurulur.


Qarabağ və Şərqi Zəngəzurun cənnətməkana çevrilməsi ilə bağlı "Sherg.az"a danışan millət vəkili Fazil Mustafa bildirib ki, Azərbaycan Ermənistanla müqayisədə dağıdıcı  yox, qurucu ölkədir:

"Bu, dünyadakı imicimizin yeni formada qəbul olması ilə nəticələnir. Erməni vəhşiliyi isə ifşa edilir. Hər iki istiqamətdə işləri davamlı gerçəkləşdirəcəyik. Vətəndaşlarımız torpaqlarına tezliklə qayıtmalıdır. Qarabağda bərpa və yenidənqurma işləri regiona yeni nəfəs gətirəcək".

Millət vəkili Aqil Abbasın qənaətincə, azad olunmuş ərazilərə "Böyük Qayıdışı" layihəsi  hökumətə verilib və sənədə baxılmaqdadır:

"Ermənistanın işğalı altında qalmış regionda bütün sosial, iqtisadi və ictimai infrastruktur tamamilə məhv edilmişdi. İndi isə çox gözəl işlər görüləcək, hətta bir qisim bərpa işləri artıq həyata keçirilib. 2021-ci ildə qısa müddət ərzində Qarabağda yeni infrastruktur layihələrinin yaradılmasının və icrasının şahidi olduq. 3 gün əvvəl Ağdama getmişdim. Qarabağın hər guşəsində, Ağdamda da yenidənqurma işləri aparılır".