“Ümumiyyətlə ekoloji missiyasının Xankəndinə yollanması rəsmi Bakının mövqeyində kifayət qədər ciddi olduğunu göstərir”
“Bunun nəticəsində də yol xəritəsi ilə bağlı danışıqlar aparılır və bunu uğur hesab etmək olar"
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), eləcə də “AzerGold”un əməkdaşları Rusiya sülhməramlılarının müşayiəti ilə Xankəndiyə daxil olublar.
“Sherg.az”ın əldə etdiyi məlumata görə, sülhməramlıların qərargahında Azərbaycanın Qarabağ bölgəsində ətraf mühitin monitorinqi məsələsi müzakirə olunur.
Qeyd edək ki, Azərbaycan Respubulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərilməsi barədə müraciət edilib. Xankəndi-Şuşa yolu arasında faydalı qazıntıların qanunsuz istismarını araşdırmaq üçün mütəxəssislər göndərilib.
Məsələni "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı vurğulayıb ki, işğal dövründə xarici şirkətlər ermənilərin “əli” ilə Azərbaycanın yeraltı sərvətlərini talayırdı:
“Bu səfər Qarabağ iqtisadi zonasında sırf ekologiya və təbii sərvətlər baxımdan monitorinq aparılması üçün əhəmiyyətlidir. Ermənistanın Azərbaycanın təbii sərvətlərini mənimsəməsi barəsində isə artıq beynəlxalq məhkəmələrdə iş qaldırılıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra belə rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ ərazisində bu kimi halların davam etdiyinə şahid oluruq. Hətta burada Qərb ölkələrinin, Rusiya və İranın şirkət adı altındakı mafiyaları bizim sərvətlərimizi oğurlamağa davam edirlər. Bu baxımdan da Azərbaycan həmin ərazilərə ekoloji missiya göndərir və həmin güclərə çatdırır ki, biz nə baş verdiyini anlayırıq.Yəni Azərbaycan ilk növbədə təbii sərvətlərinin talanmasının qarşısını almağa çalışır".
Analitik qeyd edib ki, bu missiya siyasi baxımdan da çox əhəmiyyətlidir:
"Çünki son vaxtlarda rus sülhməramlılarının törətdiyi təxribatlar, qərəzli siyasi açıqlamalar və Vardanyanın gəlişindən sonra hərbi gərginlik artıb. Bu da Bakını yeni addımlar atmağa məcbur edir. Yəni Azərbaycan bununla Qarabağ iqtisadi zonasının onun suveren ərazisi olduğunu və orada istədiyi kimi hərəkət etdiyini göstərir. Düzdür, bəzi maneələr yarana bilər. Amma əsas odur ki, ortada niyyət və praktiki addım var. Azərbaycanın ekoloji missiyasının Gorus-Xankəndi yoluna enməsinin isə, bu yolun bağlanması ilə heç bir əlaqəsi yoxdur. Bizim məqsədimiz Laçın dəhlizinin qeyri- humanitar məsələlərdə istifadəsinin qarşısını almaq və dəhlizə nəzarət etməkdir. Ümumiyyətlə ekoloji missiyasının Xankəndinə yollanması rəsmi Bakının mövqeyində kifayət qədər ciddi olduğunu göstərir. Bunun nəticəsində də yol xəritəsi ilə bağlı danışıqlar aparılır və bunu uğur hesab etmək olar".