“Yoxsa oraya özbaşına gələnlərin qarşısını almaq mümkün olmayacaq”
“ Rus sülhməramlıları sadəcə orada yaşayan ermənilərin yox, eyni zamanda Azərbaycan dövlət strukturlarının nümayəndələrinin təhlükəsizliyini və rahat hərəkətini də təmin etməlidir"
Dekabrın 7-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirib.
Görüşün müzakirə mövzusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı olub.
Danışıqlar zamanı zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə edilib.
Rus sülhməramlılarının nəzarətində olan Laçın dəhlizinin Azərbaycan sərhədçilərinin nəzarətinə keçməli olduğunu deyən Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Ankara Universitetinin professoru Toğrul İsmayıl "Sherg.az"a bildirib ki, bu koridordan gediş-gəliş bu qədər asan olmamalıdır:
"Azərbaycanın torpaqlarında suverenliyinin təmin edilməsi üçün mütləq bu koridora nəzarət edilməlidir. Yoxsa oraya özbaşına gələnlərin qarşısını almaq mümkün olmayacaq. İkincisi, sülhməramlıların missiyası Qarabağı erməni silahlı birləşmələrindən təmizləmək və təhlükəsizliyini təmin etməkdir.
Digər məsələlər ə gəlincə, bu, Azərbaycanın şəxsi məsələsidir. Yəni Azərbaycanın müvafiq dövlət orqanları Qarabağın istənilən hissəsində rahatlıqla yoxlama və nəzarət işi apara bilər, aparmalıdır da.
Çünki buralar Azərbaycan torpaqlarıdır. Sülhməramlıların əsas fəaliyyəti orada yaşıyan ermənilərin guya təhlükəsizliyinin təmin edilməsidir və onlar Azərbaycanın dövlət strukturlarının gördüyü işlərin qarşısını ala bilməzlər. Rəsmi Bakının öz ərazilərində nəzarətə başlaması xoş hadisədir.
Qanunsuz olaraq təbbi sərvətlərin istismarı isə yolverilməzdir və etnik kimliyindən aslı olmayaraq bu hala yol verənlər Azərbaycan konstitusiyası çərçivəsində cəzalandırılmalıdır.
Rus sülhməramlıları sadəcə orada yaşayan ermənilərin yox, eyni zamanda Azərbaycan dövlət strukturlarının nümayəndələrinin təhlükəsizliyini və rahat hərəkətini də təmin etməlidir".