"Rusiya sülhməramlılarının öz vətəndaşlarını Qarabağdan çıxarması çoxdan nəzərdə tutulurdu. Lakin indi həyata keçirilməyə başlayıb".
Bunu "Sherg.az"a açıqlamasında “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov deyib.
O bildirib ki, artıq proseslərin son mərhələsidir:
"Xankəndinin Azərbaycanın nəzarətinə keçməsi gündəmdədir. Rus vətəndaşları Qarabağda yaşamaq istəmədiyindən belə addım atmaları mümkündür. Həmçinin qarşıdurma riskini düşünərək hərbçilərin ailəsinin Rusiyaya qayıtmasına şərait yarada bilərlər. Başqa bir ehtimal isə rusların Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə yaşamaq istəmədiklərindən ərazini tərk etmələridir".
Qeyd edək ki, "Sputnik Armenia"nın yaydığı məlumata görə, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının Qarabağdan 63 Rusiya vətəndaşı təxliyə etdiyi söylənilir. Onların arasında 5 uşaq da var.