ABŞ Bakı ilə tezliklə sülh müqaviləsi imzalaması üçün İrəvana təzyiq göstərir.
Bakupost.az xəbər verir ki, Ermənistanın "Hraparak" nəşri bu iddia ilə çıxış edib.
Qəzet yazır ki, Vaşinqton tərəflərin may ayının sonuna qədər ilkin variantı təsdiq etmələrinə nail olmağa çalışır.
“Bu sülh planının bu yaxınlarda İrəvana, oradan isə Bakıya səfəri edən ABŞ dövlət katibi köməkçisinin müavini Erika Olson özü ilə gətirmişdi.
Təfərrüatlar məlum deyil, lakin bəzi məlumatlara görə, sənəd Ermənistanın və Qarabağ ermənilərinin maraqlarına cavab vermir", - deyə qəzet qeyd edir.
Məsələni təhlil edən politoloq Azər Rəşidoğlu "Sherg.az"a bildirib ki, may ayında Vaşinqtonda Əliyev və Paşinyan arasında görüşün olacağı və həmin görüşdə sülh sazişinin müzakirə ediləcəyi barədə informasiya yayılmışdı:
"Rəsmi İrəvan da bununla razılaşmışdı. Lakin Rusiya və Ermənistanın atdığı addımlar, təxribatlar bu görüşün olma ehtimalını azaltdı. Buna baxmayaraq düşünürəm ki, İstər İrəvan, istərsə də Bakı həmin təxribatlara rəğmən görüşəcək. Ancaq Kremlin son zamanlar atdığı addımlardan görünür ki, Rusiya Vaşinqton və Brüsselin təqdim etdiyi sülh sazişinə tərəflərin imza atmasını istəmir. Bu baxımdan Vaşinqton görüşündə real nəticələr olarsa və yaxında gələcəkdə sülh sazişinin ilkin versiyası təsdiqlənərsə, Rusiya tərəfindən növbəti təxribatların olacağını ehtimal edirəm".
Analitikin sözlərinə görə, Rəsmi Moskva Qərbin moderatorluğunu istəmir:
"Çünki sülh sazişinin təqdim etdiyi təkliflər fonunda imzalanmasını arzulayır. Cənubi Qafqaz uğrunda dünyanın super gücləri arasında döyüş başlayıb. Bu savaşda tərəflər bir-birinin güclənməsini istəmir. Odur ki, Vaşinqton görüşü olsa belə yaxın vaxtlarda sülh müqaviləsinin imzalanacağını ehtimal etmirəm. Çünki buna Rusiya imkan verməyəcək".