Şuşada turizm üzrə peşə mərkəzi açılacaq. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.
"Birinci mərhələ artıq başa çatıb və mərkəz üçün yer seçilib", - o deyib.
Qeyd edək ki, tədbirin əsas məqsədi sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarını və biznes perspektivlərini təqdim etmək, həmçinin dövlət-özəl tərəfdaşlıq modelini müzakirə etməkdir. Bundan başqa, tədbirdə işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən güzəşt və üstünlüklər, digər dövlət dəstəyi tədbirləri, bu ərazilərin bərpası və iqtisadi reinteqrasiyasında sahibkarların rolu barədə panel müzakirələr təşkil olunub.
Turizm məsələləri üzrə ekspert Əziz Şiriyev "Sherg.az"a açıqlamasında bildirib ki, Qarabağ ərazisi, xüsusi ilə Şuşa, Laçın, Xankəndi turistik bölgələr olaraq fərqlənir:
''Bildiyiniz kimi, turizm dünya iqtisadiyyatının ən gəlirli və sürətlə inkişaf edən sahələrindəndir. Ona görə də turizm sahəsinə daha böyük diqqət göstərilir. Bu baxımından tezliklə Qarabağda müxtəlif istiqamətlər üzrə turizm maşrutları olacaq. Hazırda isə bir və iki günlük turlar standart şəkildə keçirilməkdə davam edir. Ancaq fikrimcə, avqustun əvvəlindən Xankəndiyə və Laçına rəsmi şəkildə avtovağzaldan turlar təşkil ediləcək. Xarici turistlərin oraya gələrək fotolor çəkdirməsi Qarabağın Azərbaycana məxsus olmasını bir daha sübut edir. Həmçinin, Şuşada peşə məktəbinin və universitetin mərkəzində turizm fakültəsinin olması çox vacibdir. Bu, gələcəkdə kadrların yetişdirilərək həmin ərazidə çalışması üçün çox mühüm amildir".