2016-cı il 15 İyul çevriliş cəhdi zamanı Marmarisdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd qrupunda iştirak etməkdə ittiham olunan və 10 il axtarışda olan Burkay Karatepe saxlanılıb.
Sherg.az xəbər verir ki, Türkiyə KİV-inin məlumatına görə, o, dörd günlük dindirmədən sonra məhkəmənin qərarı ilə həbs edilib və "effektiv peşmanlıq" müddəalarından yararlanmaq istədiyini bildirib.
İstintaq materiallarına əsasən, Karatepe ifadəsində 1998-ci ildə FETÖ-yə qoşulduğunu, hərbi təhsil aldığı illərdə təşkilatın gizli strukturunda fəaliyyət göstərdiyini və ABŞ-da olduğu dövrdə FETÖ lideri Fətullah Gülənlə görüşdüyünü etiraf edib.
O, həmçinin çevriliş cəhdindən əvvəl keçirilən təşkilati toplantılarda iştirak etdiyini və Marmarisdəki sui-qəsd qrupuna bu yolla cəlb olunduğunu bildirib.
Karatepe ifadəsində 10 il ərzində saxta şəxsiyyət vəsiqəsi və "Salih" adı ilə gizləndiyini, müxtəlif təsadüfi işlərdə çalışaraq axtarışdan yayındığını da söyləyib.