Moskva və İrəvanın şousu: Putin Paşinyandan Qərbə qarşı agent kimi istifadə edir

Paşinyan hökuməti, bəzən Qərbə yönəlmiş addımlar atsa da, Ermənistan hələ də Rusiyanın müttəfiqi olaraq qalır.
Xarici imicdə problemlər olduğu görünə bilər. Lakin Ermənistan, Rusiya ilə reexport məsələsində əsas tərəfdaşdır. İki ölkə arasında ticarət dövriyyəsinin 12 milyard dollara çatmasından məmnunluq ifadə edilib. 
Bu dövriyyənin arxasında reexport dayanır ki, bu, həm Rusiyaya, həm də Qərbə yaxşı məlumdur. Problemlər yalnız nümayiş etdirilir, əslində bu prosesdə əsas rollarda Putin və Paşinyan var. Gözə kül üfürməyə ehtiyac yoxdur.

Siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a deyib ki, son zamanlar Ermənistanın Rusiyadan uzaqlaşıb Qərbin "qucağında" oturması daha aydın və sürətli hiss olunur. Buna baxmayaraq, Rusiyanın Ermənistanın addımlarına münasibəti yalnız bəyanat səviyyəsindədir:

"Ermənistan 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələndən sonra tədricən Rusiyadan uzaqlaşmaq xəttini tutdu. Eyni zamanda Qərb dairələri ilə yaxınlaşmağa başladı. Artıq bu tendensiya yeni mərhələyə daxil olub. Rəsmi Moskvanın kəskin reaksiya verməməsi və Ermənistanı cəzalandırmaması təəccüb doğurur. Digər tərəfdən Ermənistan və Rusiya arasında əlaqələrin mövcud səviyyəsinə baxsaq, ticarət dövriyyəsi ilbəil artır. Həmçinin rəsmi İrəvan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) hüquqi cəhətdən qalır. Nəyə görə Ermənistan bu qurumu faktiki olaraq baykot etsə də, hüquqi cəhətdən çıxmayıb"?

Kənan Novruzov deyib ki, bütün bunlar onu düşünməyə əsas verir ki, əslində Rusiya və Ermənistan oyun oynayırlar:
"Əks halda indiyə qədər rəsmi Moskva qarşı tərəfə sanksiya təsirlərini artırardı. Bu, bir şoudur. Rusiya Prezidenti Vladimir Putinin keçmiş agent olduğunu nəzərə alsaq, bundan öz siyasətində tətbiqi və Paşinyandan da Qərbdən müəyyən kəşfiyyat məlumatlarının əldə olunmasında istifadə etməsi mümkündür. Üstəlik, hazırda Ermənistanı maliyyələşdirmək üçün Rusiyanın imkanı yoxdur. Odur ki, Nikola Qərblə yaxınlaşmağa icazə verib. Belə bir vəziyyətdə özünü siyasi xadim hesab edən Qərb liderləri ağıllı və gözüaçıq olmalı, Paşinyanla Putinin oyununa getməməlidirlər".