"Stratfor" Kəşfiyyat və Analitik Mərkəzinin bir çox hallarda verdiyi analizlər özünü doğruldur
Saziş ABŞ-nin Cənubi Qafqazda möhkəmlənməsini təmin etmir, əksinə, bu, ciddi sipər yaratmış olur
Amerikanın yeni administrasiyası əvvəlki administrasiyanın etdiklərinə şübhə ilə yanaşır, ona görə də Tramp komandası bu yaxınlarda Ermənistan və ABŞ arasında imzalanmış sənəddən (strateji tərəfdaşlıq xartiyası – red.) Amerikanın özü üçün geosiyasi faydaları yenidən nəzərdən keçirəcək. Bunu “Stratfor” Kəşfiyyat və Analitik Mərkəzinin Avrasiya məsələləri üzrə analitiki Metyu Orr deyib. O bildirib ki, yeni administrasiya İrana qarşı daha sərt davranır, Türkiyə və Azərbaycanı regionda İranı cilovlaya bilən ölkələr kimi görür. Ona görə də onlar üçün Azərbaycanla yaxşı münasibətlər saxlamaq çox vacibdir: "Eyni zamanda ABŞ Ermənistanla normal münasibətləri davam etdirəcək. Paşinyan əlaqələri gücləndirmək və əvvəlki administrasiya dövründə bağlanmış sənədin müddəalarının qorunub saxlanmasını təmin etmək məqsədilə Vaşinqtona gəlib. Bu münasibətlər qorunacaq. Lakin buna baxmayaraq, ABŞ birtərəfli və qərəzli şəkildə Azərbaycandan yana olacaq, bu, soyuq geosiyasi hesablamadır". Meytu Orr Tramp administrasiyasının əvvəlki administrasiyadan daha çox Cənubi Qafqaza diqqət yetirəcəyinə əmin deyil: “ABŞ və Ermənistan arasında bağlanmış strateji saziş Azərbaycanın hərbi eskalasiyası halında ABŞ-nin güclü müdaxiləsini nəzərdə tutmur. Eyni zamanda Trampın nə edəcəyini dəqiq deyə bilmərik. Ermənistan və Azərbaycan məsələsində də komandadaxili sərt mübarizə olacaq”.
AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Oruclu "Sherg.az"a deyib ki, ABŞ-də Ermənstanla bağlanmış strateji müttəfiqlik sazişinə Trampın yenidən qayıdacağını birmənalı söyləmək çətindir. Ekspertin sözlərinə görə, həmin saziş Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqazda möhkəmlənməsini təmin etmir, əksinə, bu, ciddi sipər yaratmış olur:
"Bu saziş regionda real güc və nüfuz sahibi olan Azərbaycanın maraqlarına zidd olduğundan Vaşinqtonun Ermənistanı özünə müttəfiq seçməsi Ağ Evin ambisiyalarını gerçəkləşdirməsinə yaramayacaq. ABŞ ilə Azərbaycan arasında 1997-ci ildə partnyorluq münasibətlərinin genişləndirilməsi haqqında sərəncam var. Bu Sərəncam imkan verir ki, Vaşinqtonla Bakı qarşılıqlı maraqları təmin edə bilsinlər. Lakin keçmiş Bayden hakimiyyəti fərli mövqe tutdu və Azərbaycana qarşı sərgilənən ədalətsiz və təzyiq siyasəti münasibətləri bir qədər korladı. Trampın öz sələfinin yolunu getməyəcəyini düşünmək istərdim. Ancaq nəzərə almaq lazımdır ki, yeni prezidentin çılğın və gözlənilməz qərarları bəzən gözləntiləri doğrultmur. Hətta öz ənənəvi müttəfiqləri ilə ciddi fikir ayrılıqları var. "Stratfor" Kəşfiyyat və Analitik Mərkəzinin bir çox hallarda verdiyi analizlər özünü doğruldur".
Siyasi şərhçi qeyd edib ki, Trampın İrana qarşı planlarında Azərbaycan yer ala bilər: "Ancaq bu bizə deyil, ABŞ-yə lazımdır. Azərbaycanı İran kimi bir təhlükə ilə üzbəüz gətirmək ziyanımıza olardı. Bir vacib detala da toxunmaq istərdim ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin İrana səfəri çərçivəsində prezident Pezeşkianla və digər yüksək rütbəli şəxslərlə görüşlərində bir daha bəyan edildi ki, Azərbaycan öz ərazisindən başqa dövlətlərin İrana qarşı istifadəsinə imkan verməyəcək. Yəni Azərbaycan İranla əlaqələrini və münasibətlərini pozmaq niyyətində deyil. Məncə, İrana qarşı Ermənistanın istifadə edilməsi daha ağlabatandır. Ermənistanın heç vaxt dostu olmayıb. Onun ağası olub və siyasətini də ağa-nökər prinsipi əsasında qurub. Güclülərin himayəsinə sığınaraq dostlarını həmişə satıb, xəyanət edib. Heç şübhəsiz ki, İrana da xəyanət edəcək".