Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, ölkə terror təhlükəsinin aradan qaldırılması istiqamətində həlledici mərhələyə qədəm qoyub.
"Report" xəbər verir ki, nazir bu barədə İğdır vilayətinə səfəri çərçivəsində çıxışı zamanı danışıb.
O qeyd edib ki, 40 ildən artıqdır ölkənin inkişafı, sabitliyi və ictimai rifahı üçün ən böyük təhdidlərdən biri olan terror probleminin başa çatmasına az qalıb.
"Xalqımızın qətiyyətli mövqeyi ilə bu dövr arxada qalacaq və ölkəmiz üçün yeni səhifə açılacaq", – deyə Gürlek bildirib.
Nazirin sözlərinə görə, "Terrordan azad Türkiyə" prosesi siyasi institutların dəstəyi ilə yekun mərhələyə yaxınlaşıb və ölkənin bundan sonra diqqətini iqtisadi inkişaf, regional sabitlik və rifahın gücləndirilməsinə yönəltməsi hədəflənir.
Nazir çıxışında mütəşəkkil cinayətkarlıqla mübarizəyə də toxunaraq bildirib ki, müasir cinayət şəbəkələri rəqəmsal platformalar, kriptovalyutalar və beynəlxalq maliyyə sistemlərindən istifadə edir. Onun sözlərinə görə, dövlət bu istiqamətdə texnoloji imkanlardan istifadə etməklə cinayətkar qrupların fəaliyyətinin qarşısını almaqda qərarlıdır.
Gürlek əlavə edib ki, narkotik dövriyyəsi, qanunsuz mərc oyunları, çirkli pulların yuyulması və digər mütəşəkkil cinayət növlərinə qarşı mübarizə fasiləsiz davam etdirilir.