Çərşənbə günü Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurası İranı nüvə silahının yayılmaması sahəsində öhdəliklərini pozduğuna görə tənqid edən qətnamə qəbul edib.
"Report" EFE-yə istinadən xəbər verir ki, sənədin lehinə şuranın 34 üzvündən 23-ü səs verib, qətnamənin əleyhinə Rusiya və Çin daxil, üç ölkə çıxış edib, səkkizi isə bitərəf qalıb.
Qətnaməni Vyanada Böyük Britaniya, Almaniya, ABŞ və Fransa təqdim edib. Sənəd İranı BAEA ilə bağlanmış təminat sazişinin pozuntularını təcili olaraq aradan qaldırmağa və agentliyin baş direktoru Rafael Qrossiyə nüvə obyektlərinə lazımi giriş imkanı yaratmağa çağırır.