- "Rəsmi İrəvan Rusiyadan asılılığını minimuma endirməyə və mümkün qədər Avropaya, NATO-ya inteqrasiya etməyə çalışır"
Ermənistanın xarici siyasətində son illərdə Rusiya ilə münasibətlər fonunda müəyyən dəyişikliklər müşahidə olunur. İrəvanın Moskva ilə münasibətlərində yaranan fikir ayrılıqları və Ermənistanın Qərb strukturları ilə əməkdaşlığını genişləndirməsi regionda diqqət çəkən məsələlərdən biridir. Bu proseslərin Ermənistan-Rusiya münasibətlərinin gələcək istiqamətinə necə təsir edəcəyi isə müzakirə mövzusu olaraq qalır. 
Ermənistanın Qərblə yaxınlaşmaq istədiyini göstərən digər mühim məqam ordusunda etmək istədiyi dəyişiklikdir. “Hraparak” nəşrinin məlumatına görə Ermənistan ordusunda hərbi salamlaşmada NATO standartlarının tətbiqi müzakirə olunur.
Hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a bildirib ki, Ermənistanın son zamanlar Rusiya ilə münasibətləri kifayət qədər kəskinləşib:
"Burada bir neçə mühüm məqam. Onlar Rusiyanın Ermənistanla yaxın perspektivdə münasibətlərini normallaşdırmasına da imkan vermir.
Əsasən, burada Rusiya qoşunlarının Ermənistandan çıxarılması məsələsi, Ermənistanın KTMT üzvlüyündən faktiki olaraq imtinası və artıq 6 ildir ki, Ermənistanın KTMT tədbirlərində iştirak etməməsi kimi məqamlar var. Bütün bunlar onu göstərir ki, Ermənistan Rusiya limanından Avropa, Qərb və NATO istiqamətində üzməyə başlayıb.
Ermənistan Rusiya hərbçilərini İrəvanındakı hava limanından uzaqlaşdırdı. İndi isə məsələ onların Zəngəzur dəhlizinin keçəcəyi coğrafiyadan, Türkiyə ilə sərhəd keçid məntəqələrinin yerləşdiyi ərazilərdən çıxarılmasının da müzakirə olunmasıdır.
Bəlkə də artıq qərarlar var. Lakin onların həyata keçirilməsi bir qədər ləngiyir".
Mütəxəssis vurğulayıb ki, hər bir halda Ermənistan NATO-ya getdikcə daha çox yaxınlaşır:
"NATO üzvü olan bir neçə ölkə Ermənistan ərazisində, Ermənistan ordusunda paralel birgə təlimlər keçirirsə və bütün bunlar Rusiya heyətinin gözü qarşısında baş verirsə, məncə, artıq burada çox geniş şərhə ehtiyac qalmır. Rəsmi İrəvan Rusiyadan asılılığını minimuma endirməyə və mümkün qədər Avropaya, NATO-ya inteqrasiya etməyə çalışır".