Rusiya xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Abbas Arakçı arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Lavrov danışıqlar prosesinin (İslamabadda ABŞ və İran rəsmiləri arasında keçiriləcək sülh danışıqları nəzərdə tutulur - red.) uğur qazanacağına ümid etdiyini bildirib və ABŞ-la İran arasında hərbi əməliyyatların iki həftəlik dayandırılması barədə razılaşmanı alqışlayıb.
Öz növbəsində Arakçı Fars körfəzindəki vəziyyətin müzakirəsi zamanı BMT Təhlükəsizlik Şurasında tutduğu prinsipial mövqeyə görə Moskvaya təşəkkür edib.
Məlumata görə, Moskva İran ətrafındakı münaqişədə atəşkəs razılaşmasının Livana şamil edildiyinə də qəti inamını ifadə edib.
Qeyd edək ki, ABŞ və İran arasında ötən gün iki həftəlik atəşkəs razılaşması əldə edilib. İsrail Livanın bu razılaşmaya aid olmadığını bildirərək, bu ölkəyə daha ağır zərbələr endirir.