İrəvanda kompüter dələduzluğu ilə məşğul olan qrup saxlanılıb

Ermənistanın paytaxtı İrəvanda iri həcmli kompüter dələduzluğunda şübhəli bilinən qrupun üzvləri saxlanılıb.

Sherg.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, kibercinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları İrəvanın Baqrevand məhəlləsində bir qrup şəxsin böyük məbləğdə kompüter oğurluqları və dələduzluq fəaliyyəti ilə məşğul olması barədə məlumat əldə ediblər.

Araşdırmalar nəticəsində şübhəlilərin şəxsiyyəti, sayı və fəaliyyət qrafiki müəyyənləşdirilib. İyunun 15-də onların olduğu ünvanda keçirilən axtarış zamanı sənədlər, elektron daşıyıcılar, xarici ölkələrə məxsus identifikasiya kartları, telefonlar və xarici SIM kartlar götürülüb.

Şübhəlilərdən biri iki tapançanın olduğunu bildirib. Silahlar ekspertiza üçün müsadirə edilib, onların sahibi isə saxlanılıb.

Bildirilib ki, Ermənistan DİN qrupun fəaliyyəti ilə bağlı təfərrüatların araşdırılması məqsədilə ABŞ və Avropa İttifaqındakı tərəfdaş qurumlarla əməkdaşlıq edir.