İrəvandakı səs-küylü qətllə bağlı daha üç nəfər saxlanılıb

Ermənistan polisi İrəvanda 20 yaşlı gəncin qətli ilə bağlı cinayət işi üzrə daha üç nəfərin saxlanıldığını açıqlayıb.

Sherg.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 23-də Dilicanda Abovyan sakini olan 32 yaşlı və İrəvan sakini olan 27 yaşlı şəxs saxlanılıb. Həmin gün Abovyandan olan 34 yaşlı daha bir şəxs də tutulub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iyulun 18-də İrəvanın Muratsan küçəsində baş verən silahlı insident zamanı 20 yaşlı Vahe Mkrtçyan öldürülüb, 15 yaşlı yeniyetmə isə yaralanıb. Hadisə yerindən 30-dan çox güllə gilizi və zərərsizləşdirilmiş əl qumbarası aşkar edilib.

Cinayət işi çərçivəsində daha əvvəl Ermənistan polisinin keçmiş yüksək vəzifəli əməkdaşlarından birinin qardaşı Qurgen Akopyan da saxlanılmışdı.