“Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və serj Sərkisyan Qarabağla bağlı həqiqətləri xalqdan gizlədiblər”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə deyib.
Baş nazir Qarabağı Azərbaycana təhvil vermək ittihamlarına cavab olaraq iddia edib ki, keçmiş münaqişə ilə bağlı danışıqlarda əsas prioriteti regionda sülh olub: “Prosesə bir proqramla daxil olduq, amma başqa proqramla çıxdıq, çünki bu müddətdə vətəndaşlar bizi sülhü prioritet etməyə çağırdılar”.
Jurnalistlər Paşinyana xatırladıblar ki, o, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan edib.
Baş nazir qeyd edib ki, onun bütün sələfləri də bunu tanıyıb, amma həqiqəti xalqdan gizlədiblər. O əlavə edib ki, ya 2002-ci ildə Robert Köçəryanın, 2011-ci ildə isə Serj Sərkisyanın prezidentliyi dövrlərində qəbul olunmuş sənədlərdə Qarabağ Azərbaycan ərazi olaraq vurğulanıb.
Nikol Paşinyanın sözlərinə görə, 1996-cı ildə keçirilmiş Lissabon sammiti ilə bağlı həqiqətlər də uzun müddət gizlədilib, amma onun dövründə bütün sənədlər açıqlanıb:
“Bizim problemimiz ondan ibarətdir ki, reallıq ermənilərdən gizlədilib. Niyə gizlədilib? Bütün sənədlər açıqlanıb və həqiqət xalqın qarşısındadır”.
Baş nazir vurğulayıb ki, bütün bu proseslər Ermənistanın tam müstəqil dövlət olmasının qarşısını almağa yönəlib və bu prosesə ardıcıl olaraq Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan rəhbərlik edib.