Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyasında yeni çağırış parlament üçün vəzifələrin bölüşdürülməsinə başlanılıb.
Sherg.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.
Məlumata görə, parlament fraksiyasının rəhbəri vəzifəsinə partiya aparatının rəhbəri Arusyak Manavazyan əsas namizədlərdən biridir. Bununla yanaşı, Baş nazir Nikol Paşinyanın bu vəzifədə sabiq səfir Lilit Makuntsu görmək istədiyi bildirilir.
Qəzet yazır ki, parlament sədri postunun Ruben Rubinyana həvalə olunacağı gözlənilir. Hakim partiyada bu seçimin onun Türkiyə ilə danışıqlarda xüsusi nümayəndə kimi fəaliyyəti ilə əlaqəli olduğu qeyd edilir.
Bundan başqa, partiya daxilində Andranik Köçəryanın Müdafiə Komissiyasının sədri vəzifəsindən uzaqlaşdırılması və yerinə Armen Xaçatryanın təyin olunması ehtimalı da müzakirə olunur.