Ermənistanda müxalifətdə olan Qaqik Tsarukyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Sherg.az İyulun 7-də hakim Qarik Abelyan istintaq orqanının vəsatətini təmin edərək “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın iki ay müddətinə həbs olunmasına qərar verib.
Xatırladaq ki, iyulun 6-da Tsarukyanın evində və ona məxsus müəssisələrdə 12 saat davam edən axtarışlar aparılıb. Bundan sonra o saxlanılaraq təxminən 5 saat dindirilib.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Tsarukyan xüsusilə külli miqdarda dələduzluğun təşkili və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (çirkli pulların yuyulması) ittihamları ilə üzləşib.
İstintaq iddia edir ki, 2022–2024-cü illərdə onun rəhbərlik etdiyi qrup Ermənistan və İran arasında ticarət-iqtisadi əlaqələrin inkişafı adı altında birgə şirkətlər, o cümlədən Erməni-İran Ticarət Palatası yaradıb. İddialara görə, bu sxem nəticəsində dövlətə 21 milyon ABŞ dollarından çox ziyan dəyib.
Bundan əlavə, Tsarukyan daha bir epizod üzrə İran vətəndaşı ilə yanacaq tədarükü müqaviləsi çərçivəsində təxminən 934 min dollar məbləğində dələduzluq yolu ilə vəsait mənimsəməkdə də ittiham olunur.
Onun barəsində qanunsuz ovla bağlı ayrıca cinayət işi də açılıb. Axtarışlar zamanı üç şir, bir pələng və 190 heyvan və quş müqəvvası aşkarlanaraq götürülüb. İstintaqın versiyasına görə, qanunsuz ov nəticəsində ətraf mühitə 81 min dollardan çox ziyan vurulub.
Qaqik Tsarukyan isə bütün ittihamları rədd edərək onların tamamilə saxtalaşdırıldığını, yalan və əsassız olduğunu bildirib.