Türkiyə Ankarada keçiriləcək NATO Liderlər Sammitində Avropanın alyans çərçivəsində öz müdafiə imkanlarını gücləndirməsini gözləyir.
"Report" Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, bunu ölkə lideri Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Fridrix Merts ilə telefon danışığı zamanı deyib.
Bildirilib ki, söhbət zamanı Türkiyə-Almaniya ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyə ilə Almaniya arasında münasibətlərin daha da inkişaf etdirilməsinin hədəfləndiyini vurğulayaraq bunun üçün qarşılıqlı addımların davam etdirilməsinin vacibliyini qeyd edib.
Türkiyə lideri Ankarada keçiriləcək NATO Liderlər Sammitində Avropanın alyans çərçivəsində öz müdafiə imkanlarını gücləndirməsini və transatlantik əlaqələrin qorunması üçün güclü siyasi iradənin nümayiş etdirilməsini gözlədiyini bildirib.
Ərdoğan həmçinin Türkiyənin Rusiya-Ukrayna müharibəsinin davamlı sülhlə başa çatması üçün səylərini davam etdirdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, 7-8 iyul tarixlərində Ankarada NATO liderlər sammiti keçiriləcək.