Türkiyədə Jandarma Baş Komandanlığı, Sahil Mühafizə Komandanlığı və Silahlı Qüvvələrdə bir üst rütbəyə yüksəldilmə və yeni təyinatlarla bağlı qərarlar “Rəsmi Qəzet”də dərc olunub.
Sherg.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə yayımlanan qərara əsasən, Jandarma Baş Komandanlığının 7 generalı və 18 polkovniki avqustun 30-dan etibarən bir üst rütbəyə yüksəldilib.
General-mayorlar Ünsal Bulut və Murat Bulut general-leytenant, briqada generalları Hüseyn Bəkməz, Həmdi Gülpınar, Ömər Ersəvər, Ferruh Taraktaş və Mustafa Bakçepınar general-mayor rütbəsinə yüksəldiliblər. 18 polkovnik isə briqada generalı rütbəsi alıb.
Qərarla Jandarma Baş Komandanlığında bir sıra vəzifə dəyişiklikləri də həyata keçirilib. İstanbul İl Jandarma Komandanı general-leytenant Yusuf Kenan Topçu Van Jandarma Asayiş Korpus Komandanlığına, Van Jandarma Asayiş Korpus Komandanı general-leytenant Ünsal Bulut və Asayiş rəisi general-leytenant Murat Bulut Jandarma Baş Komandanının müavinləri vəzifəsinə təyin ediliblər.
Sahil Mühafizə Komandanlığında isə kontr-admiral Cengiz Fitoz vitse-admiral, polkovnik Önder Göksel isə kontr-admiral rütbəsinə yüksəldilib. Komandanlığın bir sıra rəhbər vəzifələrində də dəyişikliklər edilib.
Bundan əlavə, Quru Qoşunları Komandanlığında 123 generalın, Dəniz Qüvvələri Komandanlığında 38 admiralın, Hərbi Hava Qüvvələri Komandanlığında isə 44 generalın vəzifə yerləri dəyişdirilib.