Şimali Koreyada yayımlanan təbliğat videosunda dönər kababına bənzər bir yeməyin 2011-ci ildə keçmiş prezident Kim Çen İr tərəfindən hazırlandığı iddia edilib.
"Sherg.az" "Hüriyyət"ə istinadən xəbər verir ki, uzun illərdir, ərzaq problemi yaşayan və xüsusilə də COVID-19 pandemiyasının başlanmasından sonra aclıq təhlükəsi ilə üzləşən Şimali Koreyada qəribə təbliğat kampaniyası aparılır. Hökumət sözçüsü dövlət medialarından biri olan “The Rodong Sinmun” qəzetinə yazıb ki, hazırkı lider Kim Çen Inın atası Kim Çen İr “buğda rulonları” adlı yemək icad edib və ölkədəki ərzaq qıtlığına baxmayaraq satışlar sürətlə artır. "Buğda rulon"larının dönərlə oxşarlığı diqqət çəkib.
Qeyd edək ki, 2021-ci ilin oktyabr ayında dərc edilən hesabatda Birləşmiş Millətlər Təşkilatı Şimali Koreyada insanların ciddi aclıq problemi ilə üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdi. Şimali Koreya prezidenti Kim Çen In isə bu problemin həlli olaraq qənaət siyasətini təklif edib və insanları 2025-ci ilə qədər daha az yeməyə çağırıb.