Şəhərdən kəndə köçdülər

Kirayə pulu əvəzinə pomidor verirlər

  Bir zamanlar kənddən şəhərə uzanan köç dalğası son illərdə geri dönməyə başlayıb. Şəhərdə həyat şərtləri sərtləşdikcə şəhərlilər bölgələrə axın edir, şəhərliykən kəndliyə çevrilirlər. Amma heç də narazı deyillər, əksinə, nəhayət rahat həyat sürdüklərini, stresdən, əsəbdən uzaq olduqlarını, təbii ərzaqlarla  qidalandıqlarını deyir, kənd həyatını seçdikləri üçün özlərini xoşbəxt sayırlar. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, belə ailələrdən biri də Dikriş xanımla Mustafa bəydir. İkisi də İstanbulda dünyaya gəlib, böyüyüb, təhsil alıb, müəyyən iş yeri, əmək haqları olub. Lakin şəhərdə yaşamağın getdikcə çətinləşdiyini gördükdə, təbiət qoynuna sığınmağı üstün tutublar. 

Karvan-maşınla Türkiyənin bölgələrini səyahətə çıxıblar, sonunda Çanaqqalada dayanmaq qərarına gəliblər. Burada əl-ələ verib kiçik, lakin rahat bir kənd evi inşa ediblər.  Mustafa bəy deyir ki, bundan əvvəl kənd həyatı barədə heç bir bilgiyə sahib deyildi: “Təbiət qoynunda olmaq gözəldi. Amma kənd həyatının bəzi çətinliklərinə alışa bilməyəcəyimizi də fərq etdik. Məsələn, mal-qara qoxusu və milçəklərə dözə bilmirik. Ən yaxşısı torpaqla, əkib-becərməklə məşğul olmaqdır. Burada qəribə adət var. Kirayəşinlər ev sahibinə pul əvəzinə pomidor, bibər, nə yetişirsə, ondan verə bilir. Bir ağacın kölgəsində əyləşib qəhvə, çay içmək şəhərdə ticarət mərkəzlərini gəzməkdən çox xoşdur. 

Biz də kənddə qalmağı, kənd sakini olmağı seçdik. Torpaq sahəsini 42 min lirəyə aldıq. İnşaata başladıq. 2 otaq, 1 salon, bir mərtəbəli ev tikdik. Evin inşası 135 min lirəyə başa gəldi. Yenə pul lazım olacaq, həyətə hasar çəkilməli, eyvan tikilməlidir.   Kənddə yaşamağın da çətinlikləri var. 

Məsələn, süfrəyə əyləşdikdə “aa, çörəyimiz yoxdu”, deyə bilməzsiniz, çünki çörək ala biləcəyiniz market yoxdur. Kənd həyatı sübh tezdən axşama qədər ehtiyacların tamamlanmasını başa çatdırmaq deməkdir” söyləyən Mustava bəy kənd camaatının  pomidor, çiçək toplamağa getdiyini, toplanan məhsulun bazarda satıldığını dedi. “Kənd insanı doyurur”, deyən Mustafa bəy bura gəldiklərinə peşman olmadıqlarını, əksinə, bir neçə ildən sonra şəxsi təsərrüfatlarını böyüdüb gəlir əldə etməyə çalışacaqlarını da söyləyib.