Taxta avtomobil, qiyməti 200 min avrodur


  Fransada taxtadan hazırlanmış avtomobil hərraca çıxarılacaq. “Sherg.az” “NTV.com.tr”-yə istinadən xəbər verir ki, taxta avtomobilin düzəldilməsinə 2011-ci ildə başlanıb. Avtomobili bir xarrat hazırlayıb. Əl işi olan taxta avtomobilə 150-200 min avro qiymət qoyulub. Lakin hərracda qiymətin dəfələrlə artacağı ehtimal edilir. 

Güman ki, avtomobilsevərlər taxta maşını əldə edib, kolleksiyalarını zənginləşdirmək istəyəcək. Avtomobilin taxta olmayan yeganə hissəsi mühərrikidir. Bu cür qeyri-adi avtomobillər əvvəllər də hazırlanıb. İndiyədək əl əməyi nəticəsində ərsəyə gətirilən 5 avtomobil olub. Onlardan biri “Splinter” adı verilmiş taxta avtomobildir. Və o, taxtadan düzəldilsə də, “Porsche” və “Lamborgini” kimi məşhur avtomobil markalarıyla yarışa da bilir. Bu avtomobilin ərsəyə gəlməsi 5 il vaxt aparıb. İstehsalında müxtəlif növ taxta materiallardan istifadə olunub. Saatda 386 km sürətlə gedə bilir. Çəkisi 1134 kiloqramdır. Avtomobilin dünyada bənzəri yoxdur, yeganədir. 2-ci nadir vasitə karton avtomobildir. Yapon avtomobil istehsalçısı “Lexus” tərəfindən istehsal olunan avtomobil, tamamilə kartondan düzəldilib. 3-cü qeyri-adi avtomobil Lego avtomobildir. Bu “oyuncaq avtomobil”in düzəldilməsində 500 000 hissə lego istifadə edilib. Bu avtomobilin motoru da legodan düzəldilib. 256 silindrə sahib olan motor hava gücü ilə işləyir. Maşın saatda 20 km sürətlə gedə bilir. Bu vasitə 21 yaşlı rumıniyalı bir gənc tərəfindən 18 aya düzəldilib. Avtomobilin dəyəri isə 13 000 dollardır. 4-cü qeyri-adi avtomobil “Batmobile” - Betmanın məşhur avtomobilidir. “The Dark Knight Rises” filmində istifadə olunan avtomobilin eynisi olan bu vasitə, amerikalı bir avtomobil ustası tərəfindən düzəldilib. Və sonuncu “Suicide Squad” filmində Jokerin istifadə etdiyi avtomobilin eynisi olan “özün düzəlt” avtomobilidir. Vasitə amerikalı bir maşın ustası tərəfindən düzəldilib. Bu vasitə, internetdə də rahatlıqla tapılan “fiberglass” maddəsindən düzəldilib. Xarici görünüşü ilə superavtomobillərdən heç də seçilmir.