Kamikadze qarğalar: Sakinlərə hücum çəkir

Tokatın Vali Ayhan Çevik küçəsində səkidəki bir ağacda yuva quran qarğalar Altıyüzevlər məhəlləsi sakinlərinin gününü qara edib. Yuvada balaları olan qarğa sakinlərə, göz verir, işıq vermir. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, ana qarğa küçədən keçənlərin üzərinə kamikadze kimi hücum çəkir, başlarını gah dimdiyilə, gah da ayaqlarıyla yaralamağa çalışır. Qarğanın təcavüzkar davranışları məhəllə sakinlərini qorxuya salıb. Çarəsiz qalan sakinlər bu səkidə dayandıqda və ya küçədən keçdikdə məcburən başlarını qorumağa çalışır, bəzisi başına köhnə dəmir parçası qoyur, bəzisi ağac budaqlarıyla qorunur. Sakinlər, küçədən keçənlər arasında qarğanın hücumu nəticəsində xəsarət alanlar da var. Məhəllə sakinləri qarğanın balalarını qorumaq üçün hücum mövqeyində durduğunu bilirlər, ona görə də ona zərər vermək istəmirlər. Amma sakinlər onu da deyib ki, qarğa insanların münasibətinə uyğun davranır. Hiss edəndə ki kimsə ona zərər vermək istəyir, ona hücum edir. Sakit ötüb keçənlərə isə toxunmur.