Maradonanın saçları hərraca çıxarılır

Parisdə idman tarixini əks etdirən 200-ə yaxın əşya hərraca təqdim olunacaq.

Trend xəbər verir ki, idman kolleksiyaçıları və həvəskarlar üçün əlamətdar sayılan bu tədbir dekabrın 15-də keçiriləcək.

Hərracda diqqət mərkəzində olan əsas əşyadan biri 1998-ci il futbol üzrə dünya çempionatının Fransa - Braziliya finalında Ronaldo Nazarionun geyindiyi 9 nömrəli forma olacaq. Bu formanı 40-80 min avroya satmaq planlaşdırılır.

Bundan başqa, əfsanəvi Dieqo Maradonanın təxminən 4 santimetr uzunluğunda olan saçlarının da hərraca çıxarılacağı və 50 min avroya satılacağı ehtimal edilir.

Hərracda təqdim ediləcək digər tarixi əşyalar arasında Rocer Federerin 2005-ci ildə Uimbldon finalında istifadə etdiyi raketka və Evander Hollifildin 1996-cı ildə qazandığı dünya çempionu kəməri də var.