Şuşa səfəri, Şuşa qəhəri - Akif Aşırlı yazır


  Xəyalən min dəfə hazırlaşıb, götür-qoy etdiyim bu səfərə qatılmağım Həsən bəy Zərdabinin "Əkinçi"sinin 147 yaşında oldu. Mayda "Xarıbülbül" günlərinə dəvət alsam da, səfərdəydim, Türkiyədə qatıldığım konfransla eyni tarixə tuş gəlmişdi xəyalımdakı Şuşa səfəri. 
  Bəli, bərli-bəzəkli, epitetlərlə dolu nə qədər istəsən şahanə cümlələr yazmaq olar Şuşaya. Uyğundur da. Amma bütün gözəllikləri və özəlliyi özündə, tarixində yaşadan Şuşaya nə möcüzə deyib yazacam, nə də ki, bəzəkli cümlələrlə bu əzəmətə nəyisə əlavə etmək istəyəcəm. Əslində, 44 günlük Vətən savaşının bitmə nöqtəsiydi Şuşa. Eləcə də bitdi bu qanlı savaş, azadlığa qovuşdu Şuşa.

  İyulun 23-ü sübh tezdən Azad Şuşaya Şuşa adlı təyyarə ilə Beynəlxalq Hava Limanının Şimal terminalından uçmalı oluruq. Şimal küləyinin möhtəşəm təyyarənin qanad açıb havalanmasına, Şuşaya qovuşmasına təsirin getdikcə azaldığı bir vaxtda səhərin gözü açılmamış eyni açılan jurnalistlər ordusu təyyarəyə tələsir.

 Milli kimliklə uçuş siyahısındakı soyadım arasında uyğunsuzluğu da ortaya qoyur Şuşa səfəri. Deməli, milli kimliklərimizə də çoxdan etməli olduğumuz dəyişiklikləri etməli, əl gəzdirməliyik. Bu geniş uçaq salonunda təyyarə kapitanının müraciəti saydığımız bir səs ətrafa yayılır:

 "Əziz dostlar, həmkarlar. Sizi Milli Mətbuat günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Danışan həmkarınız Hikmətdir". Səmimiyyətin, sadəliyin, öz peşəsinə bağlılığın bundan başqa ifadəsini tapmaq çətindir. Jurnalist ordusunun Şuşa səfəri barədə Prezident İlham Əliyev məlumatlandırılan zaman verilən qərarı da Hikmət Hacıyev qısa söylədi: "Cənab Prezidentin göstərişi ilə bu təyyarə ayrıldı".

  Qarış-qarış azad edilən bu çətin yolları Şuşaya bağlayan şəhidlərimizin ruhu şad olsun, yaralı qazilərimizə Tanrı səbr versin, səhhətinə qovuşsunlar. Min bir çətinliklə, əzmlə, qan hesabına qurtulan bu yollardan onların əliqələmli soydaşları, qardaş və bacıları rahat keçib, arzularının ünvanına qovuşur.

  Böyük salonlu təyyarə  oturacaqlardan "23 E"-də əyləşməliyəm. Sağımda uzun illərin dostu Umud Mirzəyev, solumda çağdaş jurnalistikamızın iti gözü Xəqani Səfəroğlu əyləşir. Umud Mirzəyev qurdalanır yerində, cibindən çıxardığı telefonla həm salonu çəkir, həm də bizi. Hətta reportyorluq edib qısa hiss-həyəcanımızı, təəssüratlarımızı telefonun yaddaşına köçürür.

  Düşünürəm, indi rahat əyləşib sərnişini olduğumuz Şuşa təyyarəsi təkcə Qarabağa yön almayacaq, zamanla başqa istiqamətlərdə, ölkə xaricinə də uçuşlar edəcək. Mənim əyləşdiyim bu oturacaqda bəlkə aylar, illər sonra müxtəlif millətlərə mənsub insanlar üz tutduqları ünvanlara tələsəcək. Amma onların heç biri 30 illik həsrətin sonu olan bu yolçuluğun şirinliyini, ləzzətini, kədər qarışıq sevincini yaşamayacaq. Xoşbəxtəmmi? Əlbəttə.

  Zəfər yolu çox enişli, yoxuşlu, bəzən də qarşıdakı təhlükələri hiss etməyəcək qədər qıvraq bir yoldur. İnşaat mühəndisləri bu yolun nə qədər hamarlığını yaratmağa çalışsalar da bəlkə də alınmayacaq. Çünki bu Zəfər elə-belə, hamar qazanılmayıb, sadə, sıradan bir Zəfər deyil. Fəth yoludur bu. Ali Baş Komandan və Milli Ordusunun Azərbaycan ruhundan doğan əzmkarlığının, mübarizliyinin, döyüşkənliyinin qəti iradəsinin nəticəsidir.

  Füzuli Hava Limanından sonra Şuşaya qədər 70 kilometrlik incə bir yolda Rəşad Məcidlə yoldaşlığım davam edir. Bir neçə dəfə Rəşad Şuşada olub. Hələ sovetlər dönəmində də burada olduğunu yazılarından, söhbətlərindən bilirəm. Səhərin dan şəfəqləri bu müqəddəs torpaqları öpdüyü vaxtda Rəşad əli ilə pəncərədən uçulub dağılan evləri, kəndləri göstərir, susur. Handan hayana məni yuxulu bilib dümsükləyir: "Bax, bura Daşaltıdır". "Hə" - deyirəm. Bir azdan isə yolun solunda sülhməramlılar görsənir. Uzun-uzadı danışmağın, etirazın, incikliyin, sual verməyin burada mənası yoxdur, çünki cavab, izahat bəllidir.

  Qayaların üstündə göyərir Şuşa. Quruluşu, relyefi, coğrafi imkanları işğala imkan verməyən Şuşa axı necə işğal ola, əsarətə düşə bilərdi. Xəyanət olub, deməli. 

Sıldırımlı qayalara baxan adam nər oğulların Şuşanı dişi, dırnağı, əzmi, iradəsiylə əsarətdən qurtarmağını yəqin edir. Düşmənin səngərlə, tələlərlə, müdafiə sistemləriylə dolu olan çətin yollarda igid ordumuzun sipər-sipərə, qana-qan döyüşdükləri şəksizdir. Milli ruh oyanmasa, bu əzəmətli Zəfər qazanıla bilməzdi. Milli ruhu diri tutan onun milli mətbuatı, teatrı, kinosu, yazıçı-şairi, rəssamıdır. Nə fayda ki, millət, milliyyət sözündən xoşlanmayanlar da var bu cəmiyyətdə. "Milli mətbuat" ifadəsini yersiz hesab edənlər də var, milli təfəkkürdən, düşüncədən məhrum olan bəsit insanlar tapılır ki, nə yazıq, bəzən cərgəmizdə belələri boy göstərir, söz söyləyir, jurnalistikanın inkişafı üçün yol xəritəsi cızır.

  Qala qapısına yaxınlaşan vaxt yaddaşımı qurdalayıb, xatırlayıram ki, Həsən bəy Zərdabinin "Əkinçi"nin nəşrindən öncə 1870-ci illərdə Qafqaz Azərbaycanına, Şuşaya da səfəri olub.

  Bu səfərdə Həsən bəy qara qaytanlı, nömrəli kitabını götürüb azərbaycanlı türk balalarının gimnaziyada təhsili üçün ianə yığırdı. Bəylərin, zadəganların qapısını döyüb izah etməyə çalışırdı ki, gələcəyimiz təhsilə, elmə bağlıdır. Əgər bu yolu tutub irəliləməsək qonşularımız bizi özünə nökər, qul edəcək, qəpik-quruşa işlədəcək. Sonda... Sonda isə millət formalaşmayıb, əsarət altında dilini, dinini, mədəniyyətini itirəcək.

  Qarabağın, Şuşanın 29 illik işğal dövründə gözümüz, qulağımız sinoptiklərin verdiyi məlumatlardaydı. Görəsən, havalar necədir Şuşada, yağış yağırmı, gün doğubmu, qar varmı, üşüyürmü Şuşa? Beynimizdə min dəfə təkrarlanan sualın müxtəlif cavabları olurdu. İndi Şuşa öz azadlıq havasıyla qarşılayır bizi. Şuşanın halını bilənlər avtobusdan enən zaman "yağış yağacaq" deyirdilər. Olsun. Şuşanın yağışı da, dumanı da qəbuldur, əzizdir, gözəldir. Avtobusdan aralanıb ətrafda qurulan ağ çadırlara tərəf hərəkət edirik.

  Bəlkə də bir az erkən gəlmişik deyə çayçılar hələ çayı qaynadıb başa gətirə bilməmişdilər. MEDİA könüllüləri də ora-bura tələsir, tapşırıqları ürəklə, komsomolsayağı yerinə yetirməyə çalışırdılar. 

Bu könüllülərin cərgəsində iki "Şərq"çi də var. Əvvəl başladığımız könüllülər hərəkatından seçilib sıralarımıza qatılan Aygün Tahirqızı və bir müddət qələmini "Şərq"in səhifələrində sınayan Xanlar Əlibəy. Uğurlu jurnalist karyerası olacaq bu gəncləri Şuşada görmək də ayrıca bir sevinc doğurur.

  Məruzələr başlayır. Moderator Rüfət Həmzəyevdən sonra həmkarımız, Prezidentin köməkçisi Hikmət Hacıyev danışır, Prezidentin təbriklərini Beynəlxalq Media Forumunun iştirakçılarına çatdırır.

  Açıq diskussiya, müzakirə şəraitində keçən bu beynəlxalq tədbirdə 26 məruzə, çıxış dinlənildi. Tədbirin açılışında MEDİA-nın icraçı-direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Qarabağ Dirçəliş Fondunun direktoru Rəhman Hacıyevin çıxışlarında çağdaş media tələbləri, bütövlükdə mətbuatın inkişafına yönəlik dövlət siyasətinin istiqamətləri əksini tapırdı. Bir neçə əcnəbi ekspertin qatıldığı bu tədbir Şuşanın azadlıq havasında keçirilir, Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini, istiqbal və istiqlalını istəməyənləri söz tənəsinə tuş edirdi. Forum boyu səslənən fikirlərdə, quru, şablon cümlələrdə, məna axtardığımız çıxışlarda belə ən çox işlənən söz Media Azadlığı oldu.

  Açıq diskussiyaların, müzakirələrin keçirildiyi ağ çadıra sanki şəffaf pəncərələrdən Şuşanın azadlıq havası  hopurdu. Azadlığı zərrə-zərrə, qram-qram istəməyənlər də bu havanın təsirinə qapılıb bihuş vəziyyətdə peşəkar medianın bütün problemləri arxada qoyacağına ümidlənir, müzakirələrin axınına qatılmağa can atırdılar. Hətta müzakirənin istiqamətini dəyişənlər, sol istiqamətdə fəaliyyət üstünlüklərini isbat etməyə çalışanlar da tapıldı. Feyk xəbərlə oxucu qazanmağı məqbul hesab edənlər milli jurnalistika sistemini Marksın, Engelsin kəlamları, postulatları ilə sarsıtmağa çalışanlardır. Bu insanlar peşəkar media dəyərlərindən çox-çox uzaqlarda dayanırlar. Foruma qatılan milli jurnalistikamızın mötədilləri bu dəyişkən ab-havanın təsirlərini təcrübələrində dəfələrlə görüb, yaşadıqlarından yeni ideya axtarışlarına baş vurmağı mənasız və nəticəsiz hesab etdiklərindən tövrlərini belə pozmadılar.

  Forumda diqqəti çəkən məqamlardan biri Elçin Şıxlının "Qətl günü" romanından sitat gətirdiyi "şairi şairin başını istəyən" məmləkətdə indiki mühitin ştrixlərini verməyə çalışmasıdır. 

İndi bu məmləkətdə şairi şairin başını istəmir, qələm əhlinin bir hissəsinin sosial media şəbəkələrində didişməsi, söyüşməsi, bir-birinə ağır təhqirlər yağdırması insana baş istəməkdən daha ağır vəziyyət yaradır. Dövrün bəzi qələm əhli qılıncla baş kəsmir indi, bir-birini sözlə güllələyir.
  Söz gülləsi isə tüfəngdən açılan atəşdən də betər, ağırdır.
****

  Forumun sonunda bir qrup jurnalist M.P.Vaqifin məqbərəsini və Cıdır düzünü ziyarət etdi. Üzü Cıdır düzünə qalxan yolun kənarında əzəməti, ilkinliyi özünə qaytarılan məqbərənin ətrafı hələ də ətrini, rəngini qoruyan güllərlə gözəlləşir. Məqbərəyə yaxınlaşan zaman acı bir qəhər boğur məni. İlk ibtidai təhsilini doğulduğum Qazaxın Daş Salahlı kəndində Şəfi Əfəndidən alan M.P. Vaqifin acı taleyi burda sona çatıb. Diplomatik bacarığı mübahisəli məqamlarla dolu olsa da, Qarabağ xanlığının xarici siyasətini müəyyənləşdirən bu böyük şairin Azərbaycan ədəbiyyatında sadə türkcəni şeiriyyət dili olaraq populyarlaşdırması fakt olaraq qalır.

  "Hər oxuyan Molla Pənah olmaz" deyimi isə tarixin süzgəcindən keçib bu günə qədər gəlib çıxıbsa, şairin hələ yüz illər, əsrlər boyu yaşayacağına bir işarədir.

***
  Həsrətini çəkdiyimiz Şuşada keçirilən Beynəlxalq Media Forumu bizə nə verdi sualının isə cavabı çoxdur. İlk dəfə tarixdə Milli Mətbuat günü Bakıdan kənarda, Azərbaycanın zəngin mədəniyyət paytaxtında keçirildi. İllər keçəcək, jurnalistika tarixinin araşdırıcıları bu forumu tarixi hadisə kimi dəyərləndirəcəklər. Peşəkar media strukturlarının sosial media şəbəkələrinin imkanlarından yararlanıb peşə dəyərlərini qoruyaraq gələcəyə ötürülməsinin yolları da arandı bu tədbirdə. Dünyanı, bəşəriyyəti narahat edən "fake xəbərlər"in qarşısının alınması, rəqəmsal jurnalistikaya keçid problemləri də müxtəlif aspektlərdən müzakirəyə çıxarıldı. Ən əsası, hər bir dövlətin özünün informasiya siyasəti və informasiya təhlükəsizliyi də gözə alındı. Bəli, dövlətlərin öz milli ordusu, sərhədi, qoşunu olduğu kimi milli jurnalist ordusu da olmalıdır.
  İqtidar-müxalifət bölgüsü aparmadan bütün cinahlarda təmsil olunan Azərbaycan jurnalistləri vahid güc mərkəzi olaraq Şuşada bir araya gəldi və birlik nümayiş etdirdi. Ən əsas, vacib məsələ də bu idi, MEDİA-nın rəhbərliyinin bu ağır, çətin işin öhdəsindən gəlməsi isə təqdirəlayiq hadisədir və alqışlanmalıdır.