"Bu iki tələbə digər kanallarda böyük komandaların gördüyü işləri görürlər"
“Elmlər Akademiyası” metrostansiyasından çıxıb üzü yuxarı- “Azərbaycan” nəşriyyatına doğru gedirəm. Hava isti olsa da, külək də var. Əvvəl tələbəsi olduğum, sonra müəlliminə çevrildiyim doğma Bakı Dövlət Universitetinin yanından keçirəm. Mühafizə işçilərinə başımla salam verirəm. Əlbəttə, tanıyırlar.
Ləngimədən yoluma davam edirəm. Vaxtı ilə bu yolu çox getmişəm. Dərsdən çıxır və “Şərq” qəzetinə redaksiyasına gedirdim. Qəzetçiliyi öyrəndiyim, Azərbaycan media sistemində məktəb rolunu oynayan “Şərq” qəzetinə. O, “Şərq” qəzeti ki, ötən illər ərzində nəinki nəşrin baş redaktoru Akif Aşırlıdan, həm də digər əməkdaşlardan çox şey öyrənmişəm, ailə qayğısı görmüşəm.
Bu gün də tələbələrim “Şərq”də işləyir, bu məktəbdə yetişirlər.
Elə “Şərq”ə getməyimin məqsədi də orada işləyən tələbələrimizi ziyarət etməkdir. Artıq ikinci kursa keçən tələbələrimizdən ikisi- Banuçiçək Kalbalıyeva və Yusif Sultanoğlu artıq iki aya yaxındır ki, “Şərq”in TV kanalında çalışırlar. Maraqlı, jurnalistikanın bütün prinsiplərinə cavab verən, bayağılıqdan uzaq materiallar, o cümlədən süjetlər hazırlayırlar.
Nəşriyyatın qapısında polis əməkdaşları ilə salamlaşıb altıncı mərtəbəyə- studiyaya qalxıram. Məni burada Yusif qarşılayır.
Adını bir neçə dəfə eşitdiyim, amma hələ ki, dərs demədiyim, bacarıqlarına bələd olmadığım bu gəncə qarşı ilk dəqiqələrdən simpatiya yarandı. O, məni görən kimi əl uzadıb salam verdi, “Gəlin, müəllim” dedi.
Əslində özümü burada heç də qonaq hesab etmirəm.
Yusif məni studiyadakı şəraitlə tanış edir. İçəri səliqəlidir. Bu, xoşuma gəlir. Özünə də bu barədə deyir, təqdir edirəm.
Birlikdə süjetləri izləyirik. Yusif indiyə kimi Banuçiçəklə hazırladıqları materiallar barədə həvəslə danışır, mənə məlumat verir. Fikirlərimi deyirəm, tövsiyələrimi verməyə çalışıram.
Təxminən iyirmi dəqiqədən sonra qapının səsi gəlir. Gələnin Banuçiçək olduğunu təxmin edir, durub qapını açıram. Məni görüb təəccüblənir. Yəqin, gözləmirdi. Hərçənd o, emosiyalarını gizlətməyi bacarır. Bunun bir neçə dəfə şahidi olmuşam.
Səsyazma otağına keçir, müzakirələrimizi burada davam etdiririk. Təkliflərimi deyirəm. Bildirirəm ki, gələcəkdə canlı efirlərə çıxmaq, studiyaya qonaqlar çağırmaq maraqlı ola bilər. Razılaşırlar. Amma mənlə razılaşsalar bir – birilərini tez – tez “sataşırlar”.
Hərçənd yaxşı tandemdirlər. Bir- birilərini başa düşürlər. Bu, iş prosesində ən vacib məqamlardandır. Fikrimi özlərinə də deyirəm. Dildə deməsələr də, məncə, daxilən razılaşırlar. Hətta razılaşmalar belə, gördükləri işlər ortadadır. Bu qədər uğurlu işi mükəmməl tandem olmadan yerinə yetirmək mümkün deyil.
Doğrudur, texniki imkanlar, öhdəliklər baxımından “Youtube” kanalları ənənəvi Tv kanalları ilə eyni deyil. Bu, “Şərq Tv" üçün də keçərlidir. Amma iş orasındadır ki, bu iki tələbə digər kanallarda böyük komandaların gördüyü işləri görürlər. Özləri mövzu fikirləşir, özləri çəkir, özləri montaj edirlər.
Hərçənd söhbət zamanı məlum olur ki, mövzuların seçilməsində Akif Aşırlının mühüm rolu var.
Əslində hazırlanan materialların, demək olar, hər birində Akif müəllimin jurnalist yanaşması, baxış tərzi hiss olunur. Buna misal olaraq aktyor Qafar Həqqinin məzarından hazırlanmış reportajı göstərmək olar. Belə ki, Akif müəllim istisasca tarixçidir. O, tarixin görünməyən və az məlum olan tərəflərini həmişə üzə çıxarmaa çalışır.
Yeri gəlmişkən, qeyd edim ki, Qafaq Həqqi barədə hazırlanan reportaj xeyli müzakirələrə səbəb oldu. Görünür, bizim uşaqlar gündəm yaratmağa bacarırlar...
...Gözüm pəncərənin yanındakı kitablara sataşır. Yaxınlaşıb vərəqləyirəm. Aralarında professor Cahangir Məmmədlinin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” dərsliyi də var.
Yusif kitablarla maraqlandığımı görüb deyir: “Oxuyuram, müəllim”.
Əslində danışığından, cavablarından hiss olunur ki, Yusif kifayət qədər intellektual gəncdir. Deməli, doğrudan da, oxuyur.
...Həmkarlarımla (bəli, onları indidən bacarıqlı jurnalist hesab edirəm) söhbət o qədər maraqlı olur, vaxtın necə keçdiyini bilmirəm. Bir də baxıram ki, artıq getmək lazımdır. İşə tələsirəm. Tərslikdən bu dəfə redaksiyaya da gedə bilmirəm. Amma, məni başa düşər və bağışlayarlar.
Ayağa qalxmaq istəyəndə telefonuma bildiriş gəlir: Rusiya Prezidenti Vladimir Putin Kursda vilayətində əməliyyatlarla bağlı şəxsi heyətə yeni tapşırıqlar verib. Yusif və Banuçiçəyə deyirəm ki, bunu kanal üçün hazırlaya bilərsiz. Banuçiçək gülərək “Afərin, müəllim” deyir. Təbəssüm edirəm. Qapını açıb çıxanda isə əlavə edir:
- Sağ-salamat.
Bu dəfə mən də gülürəm. Yusif, yəqin ki, nəyə güldüyümüzü bilmir. Mən isə dəqiq bilirəm: heç nəşriyyat binasından çıxmamış onlar yenidən işə başlayavaq,, tamaşaçıları ilə növbəti görüşə tələsəcəklər.
Kənan Novruzov