Cənubi Qafqazda sülhün təmin olunması Avropa İttifaqının təhlükəsizliyinin də təmin olunmasına yol açır
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Bir neçə gün əvvəl Brüsseldə IV Avropa İttifaqı-Azərbaycan Təhlükəsizlik Dialoqu keçirilib. İclas Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin həmsədrliyi ilə keçirilib. Avropa İttifaqı (Aİ) Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu təsdiqləyib. Görüş iştirakçıları Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, regional təhlükəsizlik ilə bağlı məsələləri və regionda sülhün, sabitliyin qorunmasında Aİ-nin rolunu müzakirə ediblər. Bundan başqa, xarici siyasət, təhlükəsizlik və mümkün gələcək əməkdaşlıq ətrafında müzakirələr aparılıb. O cümlədən kibertəhlükəsizlik və hibridtəhlükəsizlik, ekstremizm və terrorizmlə mübarizə, kosmik fəaliyyət sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında konstruktiv müzakirələr gedib. Görüşdə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolu qeyd olunub. E.Mora bildirib ki, Aİ Azərbaycanla xarici və təhlükəsizlik siyasəti məsələlərində əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu, xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində yaranmış hazırkı çətin beynəlxalq şəraitdə sülh, təhlükəsizlik və sabitlik naminə işləməyə hazır olduğunu təsdiqləyib: "Aİ sabit və dinc Cənubi Qafqazın dəstəklənməsinə töhfə vermək məqsədini rəhbər tutur. Aİ-nin əsas marağı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstək verməkdir. Aİ Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin yardımı ilə üçtərəfli Brüssel formatı da daxil olmaqla, sülh prosesini dəstəkləməyə hazırdır”.
Hikmət Hacıyev Azərbaycanın Aİ-nin regionda etibarlı tərəfdaşı olduğunu vurğulayıb: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Üstəlik, Azərbaycan regionda sülh və sabitliyi fəal şəkildə təşviq edir, terrorizm, radikalizm, qeyri-qanuni miqrasiya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə qlobal səylərə dəstək göstərir”. Prezidentin köməkçisi xatırladıb ki, hazırda Azərbaycan öz ərazilərində misli görünməmiş miqyasda yenidənqurma və humanitar minatəmizləmə işləri aparır: “Biz minatəmizləmə sahəsində Aİ-nin maliyyə dəstəyini yüksək qiymətləndiririk. Azərbaycan Ermənistana ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsinin beş əsas prinsipini təqdim edib. Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüslərini, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin köməyi ilə Brüssel sülh prosesini dəstəkləyir”. Görüşün sonunda Aİ və Azərbaycan nümayəndələri hər iki tərəf və bütün region üçün aktual olan məsələlər üzrə mütəmadi fikir mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.
Ümumiyyətlə, son günlər Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərdə yeni səhifənin açıldığının şahidi oluruq. Avropanın siyasi paytaxtında - Brüsseldə aparılan müzakirələr regionda yeni reallığın formalaşdığının və artıq hamının bunu qəbul etdiyinin göstəricisidir. Azərbaycan regionda etibarlı və önəmli tərəfdaş kimi qəbul olunur. Prezidentin köməkçisi Hikmət Hacıyevin Avropa İttifaqı Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronkla görüşü də səmərəli keçib. Avropalı qadın diplomat tviterdə bu barədə yazıb: "Bu formatdakı ilk görüşlərində Azərbaycan və Avropa İttifaqı Siyasi məsələlər və Təhlükəsizlik Komitəsi səfirləri Aİ-Azərbaycan əməkdaşlığı, Ermənistan-Azərbaycan normallaşma prosesi və regional təhlükəsizlik məsələləri üzrə səmərəli müzakirələr aparıblar”. Azərbaycan həmçinin Avropa İttifaqına üzv ölkələrlə də münasibətlərin inkişafına böyük önəm verir. İttifaqa üzv ölkələrin üçdəbirinin Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinə malik olması, müxtəlif sahələrdə bərabərsəviyyəli əməkdaşlığın qurulması da ölkəmizin Aİ ilə münasibətlərinin inkişafında mühüm rola malikdir.
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında qarşılıqlı hörmət və maraq prinsipləri əsasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəldilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir. Avropa İttifaqı da Azərbaycanın müəyyənləşdirdiyi siyasi mövqeyi dərk edir, mövcud reallıqları qəbul edir, milli maraqlarımızı nəzərə alır. Çünki Azərbaycanla münasibətlərin gücləndirilməsi Avropa İttifaqı üçün regional əlaqələrin genişləndirilməsi baxımından mühüm önəm daşıyır. Azərbaycan müstəqilliyini bərpa edəndən Avropa ilə əlaqələri genişləndirməyə üstünlük verib. Ölkəmiz üçün bir çox sahələrdə olduğu kimi, Avropa İttifaqı ilə münasibətlərin inkişafı məsələsində də əsas dönüş nöqtəsi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra olub. Ümummilli Liderimiz Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirib. 1996-cı ildə Azərbaycanla Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanıb. 1999-cu ildə qüvvəyə minən bu saziş siyasi dialoq, sərmayə, qanunvericilik, elm, mədəniyyət, eləcə də ticarət sahələrini əhatə edib, münasibətlərin yeni mərhələyə keçməsinə zəmin yaradıb. 2000-ci ildə Azərbaycanın Aİ yanında nümayəndəliyi yaradılıb. 2004-cü il Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin inkişafı baxımından ikinci dönüş nöqtəsi olub. Həmin il Azərbaycan Avropa İttifaqı Qonşuluq Siyasətinə (AQS) daxil edilib. 2006-cı ildə tərəflər arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, təhlükəsizlik və sabitliyin, o cümlədən əhalinin rifah səviyyəsinin dəstəklənməsi baxımından “Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planı” adlı növbəti sənəd imzalanıb. 2009-cu ildə isə respublikamız Aİ-nin Şərq Tərəfdaşlığı (ŞT) proqramına daxil edilib. Azərbaycan ilə Avropa İttifaqı arasında 2018-ci il iyulun 11-də “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması isə tərəflərin qarşılıqlı hörmətə, bərabərsəviyyəli əməkdaşlığa əsaslanan əməkdaşlığın inkişafında maraqlı olduqlarını əyani şəkildə nümayiş etdirmiş oldu.
Millət vəkili Azər Badamov "Şərq"ə bildirib ki, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda əsas tərəfdaşıdır. Deputatın sözlərinə görə, son vaxtlar dünya siyasətində baş verən çatlar Avropa İttifaqı üçün Azərbaycanın əhəmiyyətini daha da artırıb: "O cümlədən Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında Azərbaycan əvəzssiz rol oynayır. Azərbaycan qazının Avropaya çatdırılması və bərpa olunan enerjisinin təchizatı ilə bağlı layihələrin razılaşdırılması perspektivdə münasibətlərimizin daha da möhkəmlənməsinə yol açacaq. Avropa İttifaqı əməkdaşlığımızın möhkəmlənməsi üçün regionda sabitliyin təmin olunmasına da önəm verir. Bir neçə gün əvvəl Brüsseldə IV Avropa İttifaqı-Azərbaycan Təhlükəsizlik Dialoqunun keçirilməsini, Ermənistan-Azərbaycan arasında münasibətlərinin normallaşdırılmasını, regional təhlükəsizlik, bölgədə sülhün, sabitliyin qorunmasında Aİ-nın rolunun müzakirə edilməsinin əhəmiyətli olduğunu hesab edirəm.
Çünki Azərbaycan müharibənin başa çatdığını elan etmiş və Ermənistanla sülh müqaviləsi bağlamasının təşəbbüskarıdır. Biz sülh və sabitlik istəyirik. Bu sülh və sabitlik ancaq Azərbaycanın suverən ərazisinin bütövlüyünün qorunması ilə yaranmalıdır. Azərbaycanın sülhün bağlanması üçün Ermənistana təqdim etdiyi 5 prisip beynəlxalq normalara uyğundur. Bu təşəbbüsləri dəstəkləyərək regionda sabitliyə töhfə vermək istədikləri hər bir təşəbbüsü dəstəkləyirik. Hesab edirəm ki, regionumuzda sülh, sabitlik və təhlükəsizliyi dəstəkləyən hər bir tərəf ancaq Ermənistana təzyiq göstərməli və prosesi sürətləndirməlidir. Cənubi Qafqazda sülhün təmin olunması Avropa İttifaqının təhlükəsizliyinin də təmin olunmasına yol açır".