Yolumuz Laçınadır. Həmkarlarla işğaldan azad olunan bu dilbər guşəyə yola düşürük. Məqsədimiz Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizə yüklər daşıyan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maşınlarının Laçın-Xankəndi yolundan keçidini izləməkdir.
Mümkün qədər vaxta qənaət etməyə çalışırıq. Çünki ünvana vaxtında çatmaq lazımdır. Ümumiyyətlə, təcrübə göstərir ki, jurnalist üçün ən mühüm keyfiyyətlərdən biri zamanı düzgün hesablamağı bacarmaqdır. Necə deyərlər, hər anın öz hökmü var. Əlbəttə ki, bunu ən yaxşı bilənlərdən biri də məhz media nümayəndələridir.
Rayonları bir-bir geridə qoyuruq. Hava getdikcə qaralır. Amma yollar boşdur. Bu, işimizi asanlaşdırır.
Nə qədər eləsəm də, özümü saxlaya bilmirəm. Yuxusuzluq sözünü deyir. Tədricən göz qapaqlarımın bağlandığını hiss edirəm. Və elə maşındaca bir neçə saatlıq yatıram.
İşğaldan azad olunmuş torpaqlarda postlardan rahatlıqla keçirik. Demək olar, problem olmur. Polis işçilərinin zəhmətinə, şücaətinə heyran qalıram. Bəzən saatlarla ayaq üstə qalmalı, yeri gələndə, aclığa, yuxusuzluğa dözməli olurlar. Amma vəzifələrinin öhdəsindən də layiqincə gəlirlər.
Laçın yaxınlığında sənədlərimizi yoxlayan polis əməkdaşlarından biri onları xüsusi diqqətlə nəzərdən keçirməsinin səbəbini belə izah edir: "İşimiz budur. Biz nə olursa-olsun, bölgədə asayişi təmin etməliyik".
Polis əməkdaşları ilə söhbətdən aydın olur ki, çoxu qarabağlıdır. Bəlkə də, bir zamanlar buralarda oyun oynayan, məktəbə gedən, sonradan taleyin acı, ağrılı sınağı ilə yurdlarından didərgin düşən oğullar da var aralarında. Böyük ehtimalla var.
"Laçın" sərhəd-buraxılış məntəqəsinə çatırıq. Sərhədçilər və gömrük işçiləri bizi səmimi qarşılayır. Diqqətli olmağı tövsiyə edirlər. Çünki qarşıdakı dağlarda postları, bayraqları aydın görünən ermənilər rahatlıqla bizi müşahidə edə bilirlər.
Əməkdaşlar bizə yumurta bişirir, çay hazırlayırlar. Kömək etmək istəyəndə "siz yol gəlmisiniz, özümüz hər şeyi həll edəcəyik", - deyirlər. Sağ olsunlar. Çətin şəraitdə əllərindən gələni edirlər.
Maşında oturub gözləyirik. Qəfil fotomüxbirimiz Mirzənin səsini eşidirəm: "Düşün, gəlirlər". Əli ilə hündürlükdəki dolanbaclı yola işarə edir: "Baxın, hərəkət edirlər".
Təxminən 15 dəqiqədən sonra maşınlar məntəqəyə çatır. Biri “TIR”, digər ikisi isə minik maşınıdır. Zəruri prosedur yoxlamalar həyata keçirildikdən sonra maşınların keçidinə imkan yaradılır. Bu, rəsmi Bakının humanizminin növbəti təzahürüdür.
Bu prosesə paralel olaraq Ağdam-Xankəndi yolu ilə də ərzaqların daşınmasına şərait yaradılır.
Keçiddən sonra ərazidə daha bir neçə saat qalır, sərhədçilər və gömrük işçiləri ilə söhbət edirik. Ovqatları yaxşıdır. Nikbindirlər.
Gənc sərhədçilərdən birinə yaxınlaşıb soruşuram: "Sizə soyuq deyil?"
Təbəssümlə cavab verir: "Yox, hər şey yaxşıdır. Bizə yaxşı baxırlar".
Ordumla da, onun rəhbərliyi ilə də qürur duyuram.
Burada işimiz bitdikdən sonra Horadizə gedirik. Daşlı, təmirsiz yollarla irəliləməli oluruq. Amma şəxsən məni bu, narahat etmir. Vətəndə, xüsusilə 30 il həsrət qaldığın torpaqlarda hər şey insana xoş gəlir.
Həkəri çayının yanından keçirik. Çox gözəl görünür. Ətrafa ayrıca bir rəng qatır. Maşından enib çaya düşmək istəyirəm. Ancaq yorğun olduğuma görə sabaha saxlayıram.
Horadizdəki hotellərdən birində qalırıq. Orada olarkən məlum olur ki, 7 polis əməkdaşımız ermənilərin mina terrorunun qurbanı olub. Bu da mənfur düşmənin humanist addımlarımıza cavabı! Allah şəhidlərimizə, o cümlədən mina qurbanlarına rəhmət eləsin.
Hamımız yorğunuq. Ona görə də yatıb dincəlirik.
Sübh tezdən səhər 5-də oyanır, yenidən Laçına gedirik. Yenə də məğrur Həkərinin yanından keçirik. Kifayət qədər bolsulu çaydır. Gecikəcəyimizdən qorxduğuma görə bu dəfə də avtomobildən düşmürəm.
Məntəqədəki sərhədçilər bu dəfə bizi əraziyə buraxmırlar. Məqsədimizin ermənilərin sərbəst keçidinin təmin edilməsinin işıqlandırılması olduğunu desək də, fayda vermir. Halbuki, dünən əraziyə problemsiz daxil olmuşduq.
Rəhbərliklə məsləhətləşib, durumu izah etdikdən sonra Bakıya qayıtmalı oluruq. Üçüncü dəfə Həkərini görürük. Çay daşır, sanki yerə-göyə sığmır. Elə bil, narahatdır, həyəcanlıdır...
Bakıya doğru irəlilədikcə postlardakı polislərlə də sağollaşırıq. Artıq bir-birimizi tanıyırıq. Onlar bizə, biz də onlara uğurlar arzulayırıq. İki gün içində sanki doğmalaşmışıq. Görünür, çətinlik insanları bir-birinə daha tez yaxınlaşdırır.
Təxminən saat yarım sonra yolda olarkən saytlardan oxuyuram ki, Qarabağda antiterror tədbirləri başlanıb, gərgin döyüşlər gedir. Çox keçmir ki, zənglər, mesajlar gəlir. Qarabağda olduğumu bilənlər məndən durumun necə olduğunu soruşduqda, hər şeyin yaxşı olduğunu deyirəm.
Yadıma Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında olan məşhur dialoq düşür. Belə ki, liderlər Şuşada olarkən Xankəndi barədə danışırlar. Ölkə rəhbərimiz əli ilə Xankəndini göstərərək: "Ora Xankəndidir", - deyir. Ərdoğan sual verir: "Hotel oradadır?". Dövlət başçımız həmişə olduğu kimi, yenə də mahir diplomatlar kimi cavab verir: "Orada da olacaq".
Davam edən antiterror tədbirləri buna şübhə yeri qoymur.
Saathesabı qaydada dərs dediyim BDU-nun Jurnalistika fakültəsinin yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri Xatirə Hüseynova da mesaj yazır. Onun səhər niyə dərsdə iştirak etmədiyimi soruşacağını gözlədiyim halda vəziyyətin necə olduğu və təhlükəsizliyimizlə maraqlanır, diqqətli olmağı tapşırır, uğurlar arzulayır. Kafedra müdirimin, müəllimimin dəstəyini hiss etmək məni daha inamlı edir.
Yolboyu həmkarlarla antiterror tədbirlərini müzakirə edirik. Hər şeyin uğurla nəticələnəcəyinə çox inamlıyam.
Bakıya çatanda bir daha saytlara baxıram. Müdafiə Nazirliyi əməliyyat şəraitinin bölmələrimizin nəzarəti altında olduğunu bəyan edib. Üzümə təbəssüm qonduğu, qamətimin dikəldiyi hiss olunur.
P.S: Bu yazı dərc olunana qədər məlum oldu ki, antiterror tədbirləri başa çatıb. Xunta rejimi təslim olub, şərtlərimizi qəbul edib. Həkəridən keçib Xankəndiyə getməyi arzulayıram. O zaman mütləq çayın qırağında bir foto çəkdirəcəyəm.