Həkimdən SOS siqnalı:“Protein tərkibli preparatlar sağlamlığa ziyandır”  

“Bu preparatlar qaraciyərdə yağlanma, böyrəkdə daş əmələ gətirir, cinsi zəiflik, hətta sonsuzluq yaradır”

Müasir dünyada insanlar ideal bədənə sahib olmaq üçün daha çox düşünür, buna nail olmağın ən asan üsullarını axtarırlar. Bu sualın yeganə düzgün cavabı idmanla məşğul olmaqdır. Lakin bədənlərini gücləndirmək və əzələlərini möhkəmləndirmək istəyənlər müxtəlif həblərdən, qida əlavələrindən də istifadə edirlər.

Bu gün bütün ölkələrdə protein tərkibli maddələrdən geniş istifadə olunur. Belə preparatların tərkibinə qida əlavələri adı altında hormonal preparatlar qarışdırılır. Həmin maddələr qısa müddət ərzində orqanizmi gücləndirsə də, sonralar çox ciddi fəsadlar yaradır:

Bu fəsadlar hansılardır? 



Tibb üzrə fəlsəfə doktoru, həkim-mütəxəssis Yazgül Abdiyeva “Sherg.az”a bildirib ki, bu suala cavab tapmaq üçün, əvvəlcə idman qidalarının nə olduğunu və hansı məqsədlə istifadə edildiyini bilmək lazımdır. İdman qidalarının fəal idmanla məşğul olan insanlar üçün nəzərdə tutulmuş qida əlavələri olduğunu deyən həkim bildirib ki, insan məşq edəndə orqanizm ağır yüklərə məruz qalır. İdman qidalarının qəbulu isə orqanizmin qısa müddət ərzində bərpasını təmin edir, əzələ kütləsində dərialtı piylərin yaranmasının qarşısını alır:

“İdman qidaları ümumillikdə 6 növə bölünürlər. Protein-karbohidrat qarışıqları əzələ kütləsinin artmasını və məşqdən sonra enerjinin bərpasını təmin edir. Amin turşuları əzələ üçün “tikinti materiallar”ıdır. Piyyandırıcı idman qidaları yağların yandırılmasına kömək edir. Vitamin və mineral kompleksləri orqanizmin ümümi tonusunu artırır. Qeynerlər məşq zamanı orqanizmin gücünün və dözümlüyünün artmasına imkan verir.

Qeyd etmək lazımdır ki, idman qidaları kimyəvi məhsul deyil, onlar adi qida məhsullarından götürülən və insan orqanizmi üçün zəruri olan bəzi maddələrin əsasında hazırlanan təbii qida əlavələridir. İdman qidaları həzm və ifrazat sisteminə heç bir zərər gətirmir, orqanizmdə tez həzm olunur. Lakin idman qidaları təbii qida əlavələri olaraq, ənənəvi məhsulları və qidaları əvəz etmir, orqanizmi çatışmayan mikro və makroelementlər ilə təmin edərək, sadəcə onları tamamlayır”.

Y.Abdiyeva qeyd edib ki, gənclərin protein tərkibli preparatlardan istifadə etməklə əzələ kütləsini şişirdib cüssəli görünməsi də mümkündür:

“Yaz-yay aylarında ideal bədən quruluşuna sahib olmaq istəyən gənclərin ən çox üz tutduqları məkanlardan biri də trenajor zallarıdır. Təbii ki, ideal bədən quruluşuna sahib olmaq üçün müəyyən vaxt tələb olunur.

Lakin aylarla məşq etmədən də əzələ kütləsini şişirdib cüssəli görünmək mümkündür. Gənclər protein tərkibli preparatlardan istifadə etməklə qısa zamanda istəklərini reallaşdıra bilirlər. Əzələ kütləsini artıran, fiziki gücü çoxaldan protein növləri oğlanlar arasında daha populyardır.

Lakin əksər hallarda özbaşına qəbul edilən protein tərkibli preparatlar insan sağlamlığına ziyan vurur. Bu preparatlar qaraciyərdə yağlanma, böyrəkdə daş əmələ gətirir, cinsi zəiflik, hətta sonsuzluq yaradır”.