Qoruyucu maskalardan istifadə əvvəlki kimi ciddi tələb edilmir
“COVID-19” pandemiyasının qarşısının alınması məqsədi ilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi tədbirləri nəticəsində virusa yoluxma sayında nəzərəçarpan azalma qeydə alınsa da, son günlər gündəlik yoluxmada artım müşahidə edilir. Təbii ki, bu, narahatlıq doğurmaya bilməz. Deyəsən, əhali döyüş xəbərlərinə, ordumuzun qələbələrinə o qədər aludə olub ki, tibbi maska taxmağı da, sosial məsafəni qorumağı da arxa plana keçirib. Bir növ, “təki ordumuz qələbə çalsın, gerisi təfərrüat!” deyilir, amma, nahaq. Erməni göz önündədi, zərbə nöqtələrini görürük, koronavirussa üstümüzə səssiz gəlir. Belə durumda ikiqat məsuliyyətli olmalıyıq.
Təəssüf ki, müşahidələr məsuliyyətin azlığını göstərir. Bakı metropoliteni fəaliyyətini bərpa etdiyi ilk günlərdə sərnişinlərin 100 faizi qoruyucu maska taxırdısa, getdikcə faiz nisbəti dəyişməyə başladı. İctimai nəqliyyatda da eyni vəziyyətdir. Ekspres avtobuslar xətdə olarkən Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hətta könüllüləri də işə cəlb etmişdi və sərnişinlərin karantin qaydalarına riayət etmələri daim nəzarətdə saxlanırdı. İndi isə metro vaqonlarında 25 sərnişindən 15-i (!), avtobuslarda isə 25-dən 5-i (1) qoruyucu maska taxır. Sosial məsafə də sıfırın altında. Bu mənzərə koronavirusun yayılma ehtimalı da, yoluxma sayında artım olacağı ehtimalını da gücləndirir.
Bakı şəhər BPİ, DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, Bakı şəhər BPİ DYPİ sərnişindaşıma ilə məşğul olan şirkətlər, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək mövcud vəziyyəti nəzərə alıb xüsusi karantin rejimi qaydalarına ciddi riayət olunmasını tələb edir. Aparılan araşdırmalar, təhlillər göstərir ki, gündəlik yoluxma sayında artım karantin qaydalarına əməl edilməməsindən qaynaqlanır.
Xüsusilə taksi fəaliyyəti ilə məşğul olan şəxslər avtomobillərdə şəffaf arakəsmələrin quraşdırılması, avtomobillərin dezinfeksiya edilməsi və nəfəs yollarını qoruyan tibbi maskalardan istifadə edilməsinin zəruriliyini nəzərə almalıdırlar: “Özlərinin və sərnişinlərin virusa yoluxma hallarına yol verməmək, infeksiya ilə mübarizədə əldə edilən müsbət nəticələrin qorunub-saxlanılması üçün tətbiq olunan karantin rejiminin tələblərinə ciddi əməl edilməsini tövsiyə edirik.
Paytaxt ərazisində karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə profilaktik tədbirlər bundan sonra da tərəfimizdən mütəmadi olaraq davam etdiriləcək” söyləyən V.Əsədov bir daha sürücülərə fəaliyyətlərini karantin qaydalarına uyğun yerinə yetirmələrini tövsiyə edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər mütəmadi olaraq davam etdirilir.
Virusa yeni yoluxma hallarına yol verməmək, infeksiya ilə mübarizədə əldə edilən müsbət nəticələrin qorunub-saxlanılması üçün tətbiq olunan karantin rejiminin tələblərinə əməl edilməsi xidmətə cəlb olunan əməkdaşlar tərəfindən daim nəzarətdə saxlanılır.
Qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və iaşə obyektlərində polis əməkdaşları tərəfindən insanlar arasında profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji normalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə də tibbi maskadan istifadənin zəruriliyi barədə daim tövsiyələr verilir.
Bu məqsədlə paytaxt ərazisində mütəmadi olaraq həyata keçirilən reydlər zamanı qapalı məkanlarda sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar. Tədbirlər nəticəsində alıcıların içəriyə maskasız daxil olmasına göz yuman obyekt sahibləri də məsuliyyətə cəlb ediliblər.
Paytaxt, eləcə də digər rayon və şəhərlərdə karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Bakı Nəqliyyat Agentliyi də öz növbəsində müvafiq məlumat yayıb. Məlumatda bildirilir ki, cəbhədə uğurlu əks-hücum əməliyyyatı aparan şanlı ordumuza, eyni zamanda daxildə gizli düşmənə - COVID-19 infeksiyasına qarşı mübarizə aparan fədakar həkimlərimizə dəstək olmaq üçün bu günlərdə arxa cəbhədə olan bizlərdən daha məsuliyyətli olmaq tələb olunur: “Hər birimiz üçün həssas olan bu günlərdə çalışmalıyıq ki, əlavə resurslar cəlb etmədən hər iki istiqamətdə qələbə qazanaq.
Ölkəmizdə koronavirus infeksiyasına qarşı sistemli mübarizə tədbirləri həyata keçirilir. Dövlət tərəfindən tətbiq edilən profilaktik və preventiv tədbirlər sayəsində son vaxtlar koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur.
Son günlər aparılan müşahidələr onu göstərir ki, hələ də bəzi sərnişinlər avtobusda, nəqliyyat mübadilə mərkəzlərində və dayanacaqlarda qoruyucu tibbi maskadan istifadə etmirlər və bu da yoluxma halları riskini artırır. Bu baxımdan, avtobuslarda sürücülərin və sərnişinlərin tibbi maskadan istifadə qaydalarına riayət etməsi üçün tərəfimizdən əlavə tədbirlər həyata keçirilməkdədir. Sərnişin axını nəzərə alınmaqla, əvvəlcədən müəyyən olunmuş məntəqələrdə əməkdaşlarımız tərəfindən sürücülərin və sərnişinlərin tibbi maskadan istifadəsinə nəzarət daha artırılıb. Həmçinin, sərnişinlərlə maarifləndirmə xarakterli söhbətlər aparılır və maskadan istifadənin vacibliyi bir daha onların diqqətinə çatdırılır.
Tibbi maskadan istifadənin mütləq olduğunu nəzərə alaraq, bir daha sərnişinlərə bu məsələlərə anlayışla, sosial məsuliyyət mövqeyindən yanaşmağı tövsiyə edirik”.
Mövcud durumla bağlı “Şərq”ə danışan Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov son günlər yoluxma sayındakı artımdan narahat olduğunu dedi:
- Əhalidə sanki bir arxayınlıq yaranıb. Biz həkimlər hər gün, dəfələrlə deyirik ki, ehtiyatı əldən verməyin, diqqətli olun, karantin qaydalarına ciddi əməl edin. Görürsünüz, Türkiyədə, qonşu Gürcüstanda yoluxma sayı yenidən artdı. Gürcüstanda heç kimin gözləmədiyi halda yoluxma sayı 500-ə çatdı. Koronavirusun xüsusiyyəti budur ki, qorunma olmayan, qorunmaya əməl edilmədiyi halda sürətlə baş qaldırır.
İnsanların özü düşüncəli davranmalıdır, düşünməlidir ki, biz hazırda müharibə şəraitindəyik, ordumuz cəbhədə çox iyrənc bir düşmənlə döyüşür. Koronavirus təhlükəsi artsa, bunun ağır nəticələri ola bilər. Maarifləndirmə işləri bir an belə dayanmamalıdır. Sanki bir qədər məsuliyyətsizlik var, cəmiyyətdə də, əlaqədar strukturlarda da. Qoruyucu maskalardan istifadə əvvəlki kimi ciddi tələb edilmir. Amma bu, çox təhlükəlidir. Xüsusilə qrip və paraqrip virus infeksiyalarının yayılmağa başladığı indiki zamanda.
Ş.Məmmədov qeyd etdi ki, payız mövsümündə əhali xüsusilə ehtiyatlı olmalıdır:
- Hazırda qrip və paraqrip virus infeksiyası çox yayılıb. Payız mövsümündə qrip infeksiyalarına yoluxma ehtimalı daha da artır. İndi təsəvvür edin, qrip və ya paraqrip koronavirusla yanaşı getsə, nələr olar. Ona görə də maksimum qorunmaq, karantin rejiminə, gigiyena qaydalarına ciddi əməl etmək lazımdır.