Adil Qeybulla onların döyüş zonalarında yaralanan əhaliyə və hərbçilərə tibbi yardım göstərmək təşəbbüsünü yüksək qiymətləndirib
İran həkimləri Azərbaycana könüllü olaraq gəlməyə və döyüş zonalarında yaralanan əhaliyə və hərbçilərə tibbi yardım göstərməyə hazırdır. İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu, 22 iranlı həkimin Azərbaycanın İrandakı səfirinə müraciətində öz əksini tapıb. Müraciətdə qeyd edilib ki, İran həkimləri Azərbaycan dövlətini və xalqını yeni qələbələrlə təbrik edir, eləcə də, hərbçilərin və dinc insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verərək Azərbaycan Ordusuna və əsgərinə yeni qələbələr arzulayır:
"Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan dinc əhaliyə və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik”.
Səfirliyin məlumatında müraciət edən həkimlərin sayının artacağı qeyd olunub.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla iranlı həkimlərin Azərbaycana könüllü olaraq gəlməyə və döyüş zonalarında yaralanan əhaliyə və hərbçilərə tibbi yardım göstərmək təşəbbüsünü yüksək qiymətləndirib. Həkimin sözlərinə görə, onların bu addımı təqdirəlayiqdir:
"Bildiyimiz kimi, vaxtilə ərazilərimiz bölünüb və soydaşlarımızın bir hissəsi İranda qalıb. Yəqin ki, bura gəlməyə təşəbbüs göstərənlər də həmin şəxslərdir. Dövlətimizin hazırda onlara nə dərəcədə ehtiyacı var, dəqiq deyə bilmərəm.
Çünki bu gün tibbimiz kifayət qədər inkişaf edib və potensiallı kadrlarımız yüksək səviyyədədir. Amma hər halda bir vətəndaş kimi bunu normal qəbul edirəm".