Yoluxma sayı yaxın günlərdə daha da artacaq
Əgər vəziyyət kritik həddə çatarsa, qapanmalar ola bilər
Ölkəmizdə yeni növ koronavirusa (COVID-19) yoluxma sayındakı sürətli artım çox böyük narahatlıq doğurur. Sağalanlarla yoluxanlar arasında müsbət dinamikanın pozulması, ölüm sayının çoxluğu da bu sıradadır. Təəssüf ki, mənfi dinamikanın dayandığını demək olmaz. Daha əvvəl yoluxma hallarının çoxalmağa başladığı ölkələrdə də stabilləşmə yoxdur. Artıq infeksiyaya yoluxanların sayı rekord sayda artaraq epidemik vəziyyəti gərginləşdirir. Eyni zamanda payız və qış fəsillərində mövsümi qrip və digər tənəffüs yolları infeksiyalarının sayının artması da müşahidə edilir.
Buna görə də bir çox ölkələrdə virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir. Dünyada olduğu kimi, ölkəmizdə də son günlər koronavirusa yoluxma rekord sayda artıb. Sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, Nazirlər Kabineti ölkə ərazisində xüsusi karantin rejiminin müddətini dekabrın 1-dək uzadıb. Amma o da istisna edilmir ki, epidemioloji vəziyyət bu cür olarsa, göstərilən müddət uzadıla da bilər.
Həkim uzman Vasif İsmayıl "Şərq"ə açıqlamasında bildirib ki, ölkəmizdə koronavirusun ikinci dalğası şiddətlənir. Həkimin sözlərinə görə, yoluxma sayı yaxın günlərdə daha da artacaq:
"Nəzərə alaq ki, insanların bir neçə gün bundan qabaq kütləvi şəkildə toplanaraq, qələbə sevinclərinin qeyd etdiklərinin şahidi olduq. İnsanların kütləvi şəkildə bu cür toplanışı yaxın günlərdə yoluxma sayını daha da artıracağını istisna etmir. Əgər vəziyyət kritik həddə çatarsa, qapanmalar ola bilər".
V.İsmayıl yoluxma hallarının artmasını nəzərə alaraq, virusdan qorunma ilə bağlı indiyə qədərki tövsiyələrə ciddi şəkildə əməl edilməsinin vacibliyini bir daha vurğulayıb:
"İnsanlar mütləq şəkildə sosial məsafəni qorumalı və gigiyenik qaydalara əməl etməlidirlər. Həmçinin düzgün qidalanmalı, mütləq şəkildə meyvə-tərəvəz balansına fikir verməlidirlər. Çoxlu su içmək isə həmişə məsləhətlidir”.