Sərtləşmədən başqa yol qalmadı ! – “Karantin qaydalarına əməl edilmirdi”

“Yoluxanların sayı artmağa davam etsə, yenə də sərtləşdirilmələr olacaq”

Azərbaycanda 19 noyabr 2020-ci il tarixi üçün  koronavirus (COVID-19) infeksiyasına 2597 yeni yoluxma faktı qeydə alınıb. 1354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 23 nəfər isə dünyasını dəyişib. Artıq son zamanlar ölkədə koronavirus infeksiyasının statistikasında rekord rəqəmlərin şahidi oluruq. 

Bu səbəbdəndir ki, xüsusi karantin rejiminin müddəti 28 dekabr 2020-ci il tarixinə qədər uzadılıb.  Bir sıra qadağalar qüvvədə  qalmaqla yanaşı, həm də yeni qaydaların tətbiqinə başlanılacaq. Həftə sonları ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması olduğu kimi qalır. Həmçinin  Bakı Metropoliteninin sərnişindaşımasına tətbiq olunan məhdudiyyət də dekabr ayının 28-ə qədər davam edəcək. 

Bununla yanaşı 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.



Koronavirus cəbhəsindəki son durumla haqqında “Sherg.az”a danışan infeksionist-hepatoloq Mərdan Əliyev deyib ki, müharibə prosesində  pandemiya arxa planda qaldı:

“Qaydalara əməl edilmədi. Ona görə yoluxma sayı sürətlə artaraq 2000-ə çatdı. Təbii ki, qaydalara  mütləq şəkildə əməl olunmalıdır. Bundan başqa variant yoxdur. Maskalardan doğru şəkildə istifadə etmək, sosial məsafəyə və gigiyena qaydalarına riayət etmək lazımdır. Bunların da içərisində ən vacibi maskadan istifadədir.

Həm xəstələr, həm də sağlam şəxslər maskalardan düzgün istifadə etsə, yoluxma sayı  90 faiz azalar. Bildiyiniz kimi koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimində sərtləşdirilmələr aparıldı. Çünki başqa yolu yoxdur. Ona görə bu istiqamətdə işlər görülür.

Yəqin ki, yoluxanların sayı artmağa davam etsə, yenə də sərtləşdirilmələr olacaq. Lakin xüsusi vurğulayıram ki,  fərdi şəkildə də  qaydalara əməl olunmalıdır.

Həmçinin  maarifləndirmə işləri aparılmalıdır.  Əgər fərdi  şəkildə qaydalara əməl edilməsə, dövlət tərəfindən görülən inzibati tədbirlərin əhəmiyyəti olmayacaq.

Həm də payız və qış aylarında yoluxanların sayının artması gözlənilir. Əlbəttə, eyni zamanda sağalan xəstələrin də sayında çoxalma müşahid olunacaq. 

Lakin yoluxma hallarının çoxalması ilə  səhiyyə sisteminin üzərinə böyük yük düşəcək”.