Əvvəllər xəstələrdə ağciyər zədələnməsinə daha çox rast gəlinirdisə, indi bir çox problemlər də müşahidə olunmaqdadır
"Koronavirus xəstəliyinin yayılma sürəti və günlük yoluxma sayına baxdığımız zaman deyə bilərik ki, gələcək aylar, hətta qış ayları daxil olmaqla dünya ölkələrində və eləcə də ölkəmizdə bu mübarizədə hər birimizi çox çətin günlər gözləyir". Bunu Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. Deputat bildirib ki, bununla yanaşı son zamanlar yoluxmuş insanlar arasında daha əvvəlki zamanlarla müqayisədə ağciyər zədələnməsindən əlavə olaraq qan-damar sisteminin tutulması, qan dövranı başda olmaqla ətraflarda, xüsusilə mikrosirkulyasiya səviyyəsində tutulmalar, eləcə də hematopoetik sistemin təsirlənməsinə bağlı laxtalanmanı tənzimləyən mexanizmlərin pozulması daha çox müşahidə edilməyə başlayıb.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən həkim-pulmonoloq Nərminə Rəfiyeva bildirib ki, payız-qış aylarında digər respirator xəstəliklər kimi, COVİD-19 infeksiyasının da geniş yayılacağı gözlənilən idi. Mütəxəssis vurğulayıb ki, mövsüm xəstəliklərinin sayı məhz payızdan qışa keçən dövrdə artdığı kimi COVİD-19-da bütün dünyada, o cümlədən Azərbaycanda kəskin artıb:
"Bu müddətdə ümumiyyətlə, yanaşı xəstəlikləri olan insanlar daha diqqətli olmalıdırlar. Belə ki, hər hansı yanaşı xəstəlik, məsələn, hipertoniya, şəkərli diabet, böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri, ürək çatışmazlığı, bronxial astma, tənəffüs yolları xəstəlikləri və sair xəstəlikləri olan insanlar koronavirusa yoluxarsa, bu, daha ağır fəsadlarla nəticələnir.
COVİD-19 infeksiyası mərkəzi sinir sistemi və beyində bir çox problemlərin də yaranmasına da səbəb olur. Hətta nevroloji ağırlaşmalara gətirib çıxara bilir. Yeni növ koronavirusa yoluxanların 80 faizində nevroloji əlamətlər özünü göstərməkdədir".
Həkim qeyd edib ki, koronavirusu hər kəs fərqli keçirir, müalicə üsulu da fərqli olur:
"Risk qrupuna daxil olan xəstələr özlərində koronavirus əlamətləri hiss etdikdə, dərhal həkimə müraciət etsinlər. Bu xəstəlik hər kəsə ayrı cür təzahür edir və müalicəsi də fərqli üsullarla aparılır.
Əvvəllər xəstələrdə ağciyər zədələnməsinə daha çox rast gəlinirdisə, indi əlavə olaraq, bir çox problemlər də müşahidə olunmaqdadır. Artıq ölkəmizdə COVİD-19 infeksiyasına yoluxanların sayı 2000-ni keçərək, antirekord bir göstəriciyə çatıb.
Çox təəssüf ki, hazırda bu virusa yoluxanların arasında ölüm halları da artmaqdadır.
Virus bizimlə artıq aylardır ki, yaşayır. Onunla mübarizə aparmaqla yanaşı, öz həyat tərzimizi artıq ona uyğunluşdurmalıyıq".