Əslində siqaret çəkən koronaviruslu xəstələrin müalicəsi daha ağır keçir
"Belə xəstələr süni tənəffüs aparatına qoşulduqda aparatı xəstə ilə uyğunlaşdırmaq üçün həkimlərə əlavə çətinliklər yaranır"
“Açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər də cərimə ediləcək”. Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.“Açıq havada maska taxmaq mütləq vacibdir. Bu, Nazirlər Kabinetinin qərarında qeyd olunub. Günü-gündən xəstəxanalarda koronavirus xəstələrinin sayı artır. Hər kəs zəhmət çəkib, maskadan istifadə etsin. Artıq açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər 100 manat məbləğində cərimələnir”, - E.Zahidov əlavə edib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.
Həkim Şahin Məmmədov "Şərq"ə açıqlamasında deyib ki, siqaretin koronavirusdan qoruması fikri bir mifdir. O bildirib ki, siqaret çəkənlərdə yuxarı tənəffüs yolunun kirpikcikləri işləmədiyi üçün istənilən bakteriya, virus və sair aşağı tənəffüs yollarına, ağciyərə tam maneəsiz enir:
"Qeyd edim ki, ağciyərin elastikliyi üçün onda elastin adında zülal var. O, tor şəklində ağciyər toxumasında olur. Siqaret tüstüsündə olan maddələr həmin bu elastin zülalını parçalayan elastaza fermentinin çıxmasına səbəb olur.
Ona görə də siqaret çəkənlərdə xronik bronxitlə yanaşı ağciyərin emfizeması xəstəliyi də əmələ gəlir. Nəticədə ağciyər tam sıradan çıxır.
Bu cür ağciyərlər nəfəsalma zamanı torba kimi çox genişlənir. Nəfəsvermə aktında isə yapışır, çünki elastiklik olmur. Nəticədə nəfəsvermə aktı çətinləşir. Belə xəstələr süni tənəffüs aparatına qoşulduqda aparatı xəstə ilə uyğunlaşdırmaq üçün həkimlərə əlavə çətinliklər yaranır. Siqaret çəkənlərdə damar elastikliyi pozulur, beləcə trombozlar riski artır.
Ümumiyyətlə, siqaret bədəndə vitamin C-ni həm azaldır, həm də çatışmazlığı yaradır. Tövsiyə edərdim ki, insanlar koronavirusa yoluxma sayının sürətlə artdığı bir vaxtda çalışdıqları qədər siqaret çəkməsinlər".