Lütfən, xəstələrə lazım olmayan dərmanları yazmayın!
"İnsanda yalnız koronavirus aşkarlanıbsa, antimikrob preparatlar lazım deyil"
"Birinci, həkimlərə müraciət edərək onlara tövsiyə edirəm ki, lütfən, xəstələrə lazım olmayan dərmanları yazmayın. Virusa yoluxanlara müraciət edərək deyirəm ki, mümkün olduğu qədər həkim nəzarəti olmadan dərman qəbul etməyin, apteklərdən həkim göstərişi olmadan antimikrob dərmanları alaraq içməyin!". Çağırış Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancıya məxsusdur. Pandemiyanın təhlükəli hal aldığını vurğulayan H.Harmancı bildirib ki, COVİD-19-un xüsusi müalicəsi yoxdur:
"Müalicə üçün verilən preparatlar dolayısı ilə başqa xəstəliklərə yönəlib. COVİD-ə yoluxma zamanı pnevmonik hal təxminən 7-8 faiz genişlənir. Buna görə də buna uyğun antimikrob preparatların verilməsi lazımdır".
H.Harmancı qeyd edib ki, dərmanların lazımsız yerə verilməsi orqanizmdə onlara qarşı davamlılığın yaranmasına səbəb olur.
ÜST rəsmisi dərman qəbulu ilə bağlı iki kateqoriyadan olan insanlara tövsiyəsinin olduğunu da söyləyib və qeyd edib ki, həkimlər xəstələrə lazımsız dərman preparatları – xüsusən də antimikrob dərmanlar təyin etməməli, koronavirus aşkarlanmış insanlar da antimikrob dərmanları özbaşına alıb qəbul etməsinlər.
ÜST nümayəndəsinin açıqlamasını “Şərq”ə şərh edən həkim-infeksionist Mərdan Əliyev qeyd etdi ki, antimikrob preparatlar ağ ciyər pnevmanoyasının qarşısını almaq üçün təyin edilir. Bu, protokol qaydalarına uyğundur:
- Protokol qaydalarına görə, ağ ciyərdə pnevmaniya varsa, bəzi antimikrob preparatlar yazılmasına göstəriş var. Həkimlər belə preparatlar təyin edir. Lakin antimikrob preparatların virus əleyhinə istifadəsi məsləhət deyil.
Antimikrob preparatlar koronavirusun müalicəsində təsirsizdir. Koronavirus ikincili infeksiya törədirsə, koronavirusa bakterial bir xəstəlik qoşulursa, o zaman antimikrob (antibiotik) preparatlar təyin edilə bilər. Yəni, insanda yalnız koronavirus aşkarlanıbsa, antimikrob preparatlar lazım deyil.
Yox əgər koronavirusla yanaşı ağ ciyər pnevmaniyası diaqnozu da qoyulubsa, o zaman antibiotik təyin edilə bilər. Ümumiyyətlə isə bütün hallarda heç vaxt həkim göstərişi olmadan antibiotik preparatlardan özbaşına istifadə edilməməlidir.