Çünki koronavirus keçirmiş və sağalmış insanların qanında xüsusi virus əleyhinə anticisimlər olur
Koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər. Bu barədə Mərkəzi Qan Bankının məlumatında deyilir. Bildirilir ki, hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələr var: "Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent İmmun Plazma müalicəsi çox effektivdir. Biz bu çətin günlərdə bir-birimizə dəstək olmaqla koronavirus (COVID-19) pandemiyasına qalib gələ bilərik".
Həkim-pulmonoloq Nərminə Rəfiyeva qeyd edib ki, hazırda koronavirus xəstəliyinin gedişatı yüngül deyil: “Xəstəliyin hazırkı dönəmdə ağırlıq dərəcəsindən, gedişindən danışsaq, deyə bilərəm ki, indi xəstəlik o qədər də yüngül keçmir. İnfeksiyaların əksəriyyətində mutasiya gedir, sonra nisbətən zəifləyir. Hazırda bu, koronavirus infeksiyasında müşahidə olunmur. Koronavirus infeksiyası yaşlı, xüsusilə yanaşı xəstəliyi olan insanlarda daha aqressiv və ağır gedişatla müşahidə edilir. Lakin hətta gənclərdə də yanaşı xəstəliklər varsa, bu xəstəlik ağır gedişatlı olur və ölümlə nəticələnir".
Həkim bildirib ki, indiyədək aparılan təcrübə onu deməyə əsas verir ki, koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilər: "Hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələrimiz var. Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent Plazma müalicəsi çox effektivdir. Çünki koronavirus keçirmiş və sağalmış insanların qanında xüsusi virus əleyhinə anticisimlər olur. 14-28 gün arasında bu cür donorlardan plazma toplanılır".
N.Rəfiyeva qeyd edib ki, donorlar əsasən,18-60 yaş arasında koronavirus keçirmiş insanlardır:
"Bu insanlarda 14 gün ərzində heç bir klinik əlamət olmamalı, təkrar götürülmüş koronavirus testi neqativ olmalıdır. Donorlar əvvəlcə bütün beynəlxalq standartlara uyğun olaraq donorluq müayinələrindən keçirlər. Hazır olduqdan sonra xüsusi aferez cihazları vasitəsilə periferik qandan plazma toplanılır. Aferez proseduru təxminən 45 dəqiqə çəkir. Donorun həyatı üçün heç bir təhlükə daşımır.
İnfeksiya riski ciddi şəkildə məhdudlaşdırılır, çünki aferez proseduru zamanı birdəfəlik steril setlər istifadə olunur. Prosedurdan sonra donorlar sağlam şəkildə normal həyatlarına qayıda bilərlər. Toplanmış plazmalar bölünərək 4-6 saat ərzində kritik ağır xəstələrə istifadə oluna və ya dondurularaq saxlanılaraq sonra uyğun kriteriyaları olan xəstələrdə istifadə oluna bilər".