90 faiz insan koronavirusu yüngül keçirir
Ev şəraitində müəyyən qaydalara riayət etməklə, bu virusun öhdəsindən gəlmək olar
"COVİD-19-a yoluxma sayı kəskin artıb. Əksər insanlar panikadadır. Özlərini itiriblər. Hər kəs birmənalı olaraq bilməlidir ki, qorxu, panika, stres immuniteti zəiflədir. Lazım oldu-olmadı antibiotik qəbul edən, sistem qoşduran, vitaminlər, hormonal preparat olan deksametazon qəbul edənlərin sayı həddindən çoxdur".
Bu sözləri həkim Aydın Əliyev deyib. Həkimin sözlərinə görə, insanların təqribən 80-90 faizi bu xəstəliyi yüngül keçirir: "38 dərəcəyə qədər hərarət, yüngül halsızlıq, başağrısı, iybilmə və dadbilmənin pozulması, əzələ, oynaq, bel ağrıları, iştahsızlıq, yüngül öskürək xəstəliyin yüngül əlamətləridir. Bu halda heç bir dərman qəbul etmək lazım deyil.
Çünki insan orqanizmində təbii olaraq virus əleyhinə təsir göstərən interferon 38,6 dərəcədə daha çox istehsal edilir. Nəzərə alsaq ki, daxili orqanların temperaturu normalda belə 38 olur, o zaman dərman qəbul etmək lazım deyil, çünki o zaman daxili orqanlarda hərarət 39-a qədər qalxır və orqanizm virusun öhdəsindən gəlir. Yanaşı ağır xəstəlikləri olan şəxslərdə isə bu yanaşma fərqli olmalıdır, çünki onların immuniteti zəifdir. Xüsusən də ağır şəkərli diabeti olan və orqan köçürülən (transplantasiya edilən), dializ alan və oxşar ağır xəstəliyi olanlar mütləq xəstəxana şəraitində olmalıdırlar".
Həkim bildirib ki, insanlar ev şəraitində müəyyən qaydalara riayət etməklə koronavirusun öhdəsindən gələ bilərlər:
"İnsanlar normal qidalanmaqla, limon, soğan, sarımsaq, mürəbbəli çay, təzyiqi olmayanlar çoxlu maye qəbul etməklə, bu xəstəliyin öhdəsindən asanlıqla gələ bilər.
Payız mövsümündə günəş az olduğuna görə əgər D vitamini çatışmazlığı varsa (analizlə dəqiqləşdirmək şərtilə) vitamin D qəbul etmək də məsləhətdir. Ən əsası isə hər kəs tibbi maska taxmalı, ara məsafəsi saxlamalı və əl gigiyenasına ciddi fikir verməlidir".